...

Bakıda Ali Audit Orqanlarının Asiya Təşkilatının İdarə Heyətinin 62-ci iclası keçirilib (FOTO)

İqtisadiyyat Materials 17 İyul 2025 10:23 (UTC +04:00)
Bakıda Ali Audit Orqanlarının Asiya Təşkilatının İdarə Heyətinin 62-ci iclası keçirilib (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi ilə bu gün Bakıda Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) İdarə Heyətinin 62-ci toplantısı keçirilib.

Trend xəbər verir ki, tədbir Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi ilə baş tutub.

Toplantıya ASOSAI İdarə Heyəti və Audit Komitəsinin üzvləri, eləcə də Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) sədrliyi və katibliyinin nümayəndələri, INTOSAI İnkişaf Təşəbbüsünün təmsilçiləri daxil olmaqla 100-dən çox iştirakçı qatılıb.

Tədbir ASOSAI sədrliyini təmsil edən Hindistanın Müfəttiş və Baş Auditorunun müavini Krishnan Sangaranın açılış nitqi ilə başlayıb. Sonra ev sahibi – Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edərək toplantının əhəmiyyəti barədə danışıb, qurumun beynəlxalq əməkdaşlığa verdiyi önəm və ASOSAI çərçivəsində verilən töhfələr barədə fikirlərini bölüşüb.

Daha sonra iştirakçılara Azərbaycan haqqında təqdimat videosu da nümayiş olunub.

Qeyd edək ki, Hesablama Palatası 2024-cü ilin sentyabrında Hindistanın Yeni Dehli şəhərində keçirilmiş ASOSAI Assambleyasında ilk dəfə olaraq təşkilatın İdarə Heyətinə üzv seçilib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Bakıda keçirilən ASOSAI İdarə Heyətinin 62-ci iclasında çıxışı zamanı bildirib ki, Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) İdarə Heyətinin 62-ci toplantısının Bakıda keçirilməsi Azərbaycan üçün qürurverici və məsuliyyətlidir.

O, Hesablama Palatasının beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqinə, bilik və informasiya mübadiləsinin gücləndirilməsinə, həmçinin regional əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini vurğulayıb. Vüqar Gülməmmədov qeyd edib ki, ASOSAI İdarə Heyətinə üzv seçilmək həm etimad, həm də gələcəkdə daha fəal iştirak üçün məsuliyyətdir.

Sədr çıxışında əlavə edib ki, ali audit orqanları arasında bilik və təcrübə mübadiləsinin genişlənməsi əməkdaşlığın daha sistemli qurulmasına şərait yaradacaq. O, həmçinin Azərbaycanda həyata keçirilən dövlət maliyyə idarəetməsi islahatları və ölkəmizin beynəlxalq əməkdaşlığa verdiyi önəm barədə fikirlərini bölüşüb.

Daha sonra toplantıda ASOSAI Strateji Planı, təşkilatın digər regional qurumlarla əməkdaşlığı, işçi qrupların illik fəaliyyəti və ASOSAI Jurnalının yeni buraxılışları ilə bağlı təqdimatlar olub. ASOSAI İdarə Heyətinin 62-ci toplantısının rəsmi hissəsində İdarə Heyətinin 60 və 61-ci toplantıların protokolları təsdiqlənib, təşkilatın 2024-cü il üzrə fəaliyyəti və maliyyə hesabatları, eləcə də 2026–2028-ci illəri əhatə edən büdcə planı nəzərdən keçirilib. Gündəlikdə yer alan əsas məsələlərdən biri isə INTOSAI İdarə Heyətinə 2025–2031-ci illər üzrə iki yeni üzvün və INTOSAI-ın kənar auditorunun seçilməsi olub. Seçkilərin nəticələri ilə bağlı məlumatlar yaxın günlərdə paylaşılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti