Bakı. Trend:
Süni intellekt texnologiyalarının inkişafı və rəqəmsal keçid, eləcə də iqlim dəyişiklərinə qarşı mübarizə zamanın tələblərinə cavab verən aktual və strateji əhəmiyyət daşıyan məsələlərdəndir.
Trend xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Bakıda keçirilən Asiya Ali Audit Orqanları Təşkilatı (ASOSAI) ilə Ərəb Ali Audit Orqanları Təşkilatının (ARABOSAI) birgə toplantısında deyib.
O bildirib ki, bu sahələrdə effektiv nəticələrin əldə edilməsi üçün ilk növbədə maliyyə intizamının gücləndirilməsi və rəqəmsal texnologiyalardan istifadənin genişləndirilməsi zəruridir:
"Bu kontekstdə ali audit orqanlarının rolu getdikcə artır. Məhz bu cür toplantılar üzv ölkələrin sözügedən çağırışlara qarşı ortaq mövqe formalaşdırılmasına və qabacıl yanaşmaların bölüşməsinə şərait yaradır. Xüsusilə vurğulamaq istərdim ki, rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının inkişafı yalnız özəl sektor üçün deyil, dövlət idarəçiliyi və ictimai xidmətlər sahəsində ciddi dəyişiklərə yol açmaqdadır. Süni intellektin audit proseslərinə inteqrasiyası istər böyük verilənlərin təhlili, istərsə də qabaqlayıcı nəzarət mexanizmlərinin qurulması baxımından auditin effektivliyini xeyli artıracaq".
V. Gülməmmədov qeyd edib ki, eyni dərəcədə vacib olan ikinci mövzu iqlim dəyişikləri və onunla bağlı risklər artıq təkcə ekoloji deyil, sosial və iqtisadi sabitliyə təsir göstərən qlobal çağırış kimi qəbul olunur:
"Bu risklərə qarşı həyata keçirilən tədbirlərin maliyyələşdirilməsi ciddi resurs tələb edir. Həmin vəsaitlərin məqsədyönlü, şəffaf və nəticəyönlü istifadəsi üçün Ali Audit Orqanlarının nəzarət funksiyaları həlledici əhəmiyyət kəsb edir".
"Azərbaycan bu sahədə beynəlxalq təcrübələrdə fəal dəstək verir. Ölkəmizin ötən il COP29 konfransına ev sahibliyi etməsi həm milli, həm də qlobam səviyyədə ətraf mühitin qorunması və iqlim dəyişikliyinə qarşı birgə mübarizə əzminin göstəricisidir", - deyə V. Gülməmmədov əlavə edib.