Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan ixrac edilmiş pambıq ipliyinin miqdarı 5 min 418 ton olub.
Trend-in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu miqdarda məhsul ixracından əldə olunan gəlirin həcmi 12,9 milyon ABŞ dolları olub.
Pambıq ipliyi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə, miqdar ifadəsi ilə 1 123 ton və ya 26,1%, dəyər ifadəsi ilə 1,8 milyon ABŞ dolları, yaxud da 16,2% artıb.
Belə ki, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycandan ixrac edilən pambıq ipliyinin miqdarı 4 min 295 ton, dəyəri isə 11,1 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, hesabat dövründə ixrac edilən pambıq ipliyinin ümumi ixracda payı 0,1%, qeyri-neft sektoru üzrə ixracda payı isə 0,74% olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur.
Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın, 11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.
Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3 dəfə azdır.