Düşənbə. Trend:
Hazırda MDB ölkələri arasında demək olar ki, bütün qarşılıqlı hesablaşmalar milli valyutalarda aparılır.
Trend xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında çıxışı zamanı deyib.
"2025-ci ilin birinci yarısında MDB üzvləri arasında ticarət əməliyyatlarında onların payı 96 faiz təşkil edib", - o deyib.
Rusiya liderinin sözlərinə görə, Birlik ölkələrində xarici təsirlərdən asılı olmayan dayanıqlı maliyyə infrastrukturu inkişaf etdirilir. Putin qeyd edib ki, bu, region dövlətlərinin iqtisadi suverenliyini gücləndirəcək və onların xarici amillərdən asılılığını azaldacaq.
"Bu, digər ödəniş alətləri və valyutaların istifadəsindən imtina etdiyimiz demək deyil - bu, sadəcə olaraq müstəqilliyimizi və suverenliyimizi artırır. Bu, xüsusilə müasir dünyada özünü büruzə verir", - prezident vurğulayıb.
Putin həmçinin bildirib ki, Rusiyanın MDB ölkələri ilə ticarət dövriyyəsi güclü artım nümayiş etdirməkdə davam edir. 2024-cü ildə o, 7 faiz artaraq 112 milyard dollara çatıb.
"Onun strukturu yüksək əlavə dəyərli məhsullar seqmentinin böyüməsi səbəbindən ardıcıl olaraq təkmilləşir. Bu bir faktdır: ticarət dövriyyəmiz ildən-ilə yaxşılaşır", - dövlət başçısı qeyd edib.