Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında xarici maliyyə mənbələrindən əsas kapitala 2,991 milyard manat məbləğində investisiya edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici ötən ilin müvafiq dövrünə nəzərən 38 faiz artıb.
Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların 2,244 milyard manatı neft-qaz sektoru, 746,4 milyon manatı isə qeyri-neft-qaz sektoru üzrə həyata keçirilib. 2024-cü ilin ilk 9 ayındakı göstərici ilə müqayisədə xarici maliyyə mənbələrindən Azərbaycanın neft-qaz sektoru üzrə əsas kapitalına yönəldilmiş investisiyaların həcmi 23 faiz, qeyri-neft-qaz sektoru üzrə isə 2,2 dəfə artıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 13,048 milyard manat və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 11,5 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 7 faiz artıb.
Ümumi sərmayənin 6,648 milyard manatı və ya 51 faizi məhsul istehsalı sahələrinin, 4,298 milyard manatı (32,9 faizi) xidmət sahələrinin, 2,102 milyard manatı (16,1 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 51,6 faizi dövlət, 48,4 faizi qeyridövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 78,8 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 77,1 faizini təşkil edib.