Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankının (AMB) 2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyasına uyğun olaraq yeni maliyyə alətləri və rəqəmsal həllər hesabına ölkədə kapital bazarının dərinliyi artırılacaq.
Bu barədə Trend-in sorğusuna cavab olaraq AMB-dən məlumat verilib.
Qeyd edilib ki, son illərdə Azərbaycanın qiymətli kağızlar bazarında müşahidə olunan inkişaf dinamikası müsbət qiymətləndirilir. Bu inkişaf, xüsusilə bazarın dərinliyinin artırılması, maliyyə alətlərin şaxələndirilməsi və investor bazasının genişlənməsi baxımından əhəmiyyətli nəticələrlə müşayiət olunur.
Bildirilib ki, bazarın mövcud vəziyyətini qiymətləndirərkən Bakı Fond Birjasının faktiki ticarət göstəricilərinə istinad edilməsi məqsədəuyğundur:
“2025-ci il üzrə göstəricilərə əsasən, korporativ qiymətli
kağızlar bazarında ilkin bazarın həcmi təxminən 801 milyon, təkrar
bazarın həcmi isə 283 milyon manat təşkil etmişdir. Bu göstəricilər
kapital bazarlarında şəffaflığın, likvidliyin və investor
aktivliyinin son illər ərzində əhəmiyyətli dərəcədə artmasını
nümayiş etdirir. Bazarın əsas hərəkətverici seqmenti kimi
korporativ istiqrazlar çıxış etsə də, səhmlər üzrə əməliyyatların
sayının artması bazarın mərhələli şəkildə dərinləşdiyini
göstərir”.
Məlumatda vurğulanıb ki, yeni maliyyə alətlərinin tətbiqi və
bazarın institusional inkişafı istiqamətində həyata keçirilən
tədbirlər Mərkəzi Bankın 2024–2026-cı illərdə maliyyə sektorunun
inkişaf Strategiyasında öz əksini tapıb:
“Strategiyada kapital bazarlarının gücləndirilməsi əsas
prioritetlərdən biri kimi müəyyən edilmiş və bu çərçivədə dayanıqlı
infrastrukturun formalaşdırılması, bazara çıxış imkanlarının
genişləndirilməsi, investor etimadının artırılması, investisiya
alətlərinin çeşidinin zənginləşdirilməsi, eləcə də tənzimləmə və
nəzarət mexanizmlərinin təkmilləşdirilməsi nəzərdə tutulmuşdur.
Strategiyaya uyğun olaraq sekyuritizasiya, törəmə və repo alətləri,
sukuk, vençur kapital və kraudfandinq kimi alternativ maliyyə
alətlərinin tətbiqi istiqamətində müvafiq layihələrin icrası davam
etdirilir”.
Eyni zamanda xatırladılıb ki, 2025-ci ilin oktyabr ayında Avropa
Yenidənqurma və İnkişaf Bankı tərəfindən yerli bazarda və milli
valyutada ilk dəfə dəyişkən faizli istiqraz emissiyasının həyata
keçirilməsi Azərbaycanın kapital bazarı infrastrukturunun
beynəlxalq standartlara cavab verdiyini göstərən mühüm göstərici
kimi qiymətləndirilə bilər.
“AZİR göstəricisinə əsaslanan üzən faizli bu alət bazarda faiz
risklərinin idarə olunması və alət müxtəlifliyinin artırılması
baxımından yeni imkanlar yaradıb”, - məlumatda qeyd edilib.
AMB bu istiqamətdə hədəflərini də açıqlayıb. Bildirilib ki, yaxın
perspektivdə Mərkəzi Bankın əsas prioritetləri sırasında
institusional və fərdi investorların bazarda iştirakının daha da
genişləndirilməsi, maliyyə savadlılığının yüksəldilməsi məqsədilə
maarifləndirmə tədbirlərinin intensivləşdirilməsi, həmçinin
rəqəmsal həllərin və elektron ticarət imkanlarının inkişaf
etdirilməsi xüsusi yer tutur.
“Proseslərin avtomatlaşdırılması və əməliyyat xərclərinin azaldılması investorların bazara çıxış imkanlarını genişləndirməklə yanaşı, kapital bazarının dərinliyinin və dayanıqlığının artırılmasına şərait yaradacaq. Bu istiqamətdə həyata keçirilən tədbirlər Mərkəzi Bank tərəfindən uzunmüddətli və sistemli inkişaf strategiyasının tərkib hissəsi kimi nəzərdən keçirilir”, - məlumatda vurğulanıb.
