Azərbaycan və Efiopiya arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı müzakirə edilib

İqtisadiyyat Materials 8 May 2026 17:49 (UTC +04:00)
Azərbaycan və Efiopiya arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı müzakirə edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Efiopiya ilə iqtisadi-ticarət əlaqələrinin inkişafı, investisiya əməkdaşlığının genişləndirilməsi, sənaye, enerji və kənd təsərrüfatı sahələrində tərəfdaşlıq imkanları müzakirə olunub.

Trend bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Efiopiyaya səfər edib. Səfər çərçivəsində keçirilən görüşlərdə iqtisadi-ticarət əlaqələrinin inkişafı, investisiya əməkdaşlığının genişləndirilməsi, enerji, kənd təsərrüfatı və sənaye sahələrində tərəfdaşlıq imkanları müzakirə olunub.

Səfər çərçivəsində iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Efiopiyanın ticarət və regional inteqrasiya naziri Kassahun Gofe ilə görüşüb. Görüşdə Azərbaycan və Efiopiya arasında yüksək səviyyəli münasibətlərin mövcud olduğu vurğulanıb. İqtisadi əməkdaşlığın inkişafı üçün müqavilə-hüquq bazasının genişləndirilməsi və institusional əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasının vacibliyi vurğulanıb. Ticarət və investisiya əlaqələrinin genişləndirilməsi məqsədilə qarşılıqlı biznes missiyalarının təşkili, işgüzar dairələr arasında əlaqələrin gücləndirilməsi və investisiya təşviqi tədbirlərinin əhəmiyyəti qeyd edilib.

Efiopiyanın mədən üzrə dövlət naziri Birhani Yadesa ilə görüşdə enerji və təbii resurslar sahəsində işbirliyi imkanları, o cümlədən bərpa olunan enerji istiqamətində tərəfdaşlıq perspektivləri müzakirə olunub. Azərbaycanın enerji sahəsində təcrübəsi və beynəlxalq layihələrdə iştirakı barədə məlumat verilib, bu sahədə bilik və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər sənaye zonaları və logistika sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar. Azərbaycanda investorlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilər, Ələt azad iqtisadi zonası və sənaye zonalarında investorlar üçün tətbiq edilən güzəşt və stimullar diqqətə çatdırılıb.

Afrika İttifaqının kənd təsərrüfatı, kənd inkişafı, mavi iqtisadiyyat və davamlı ətraf mühit məsələləri üzrə komissarı Moses Vilakati ilə görüşdə kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Aqrar sahədə innovativ həllərin tətbiqi, su resurslarının səmərəli idarə olunması və kənd yerlərinin dayanıqlı inkişafı istiqamətlərində təcrübə mübadiləsinin önəmi vurğulanıb.

Görüşdə kiçik və orta biznes subyektləri arasında tərəfdaşlığın genişləndirilməsinin iqtisadi əlaqələrin inkişafında mühüm rol oynadığı bildirilib. Tərəflər sahibkarlığın təşviqi, biznes mühiti üzrə təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçiriblər.

Görüşlərdə Azərbaycanın strateji coğrafi mövqeyi diqqətə çatdırılıb. Bildirilib ki, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşməsi regional və beynəlxalq ticarət əlaqələrinin genişləndirilməsi baxımından mühüm üstünlüklər yaradır. Azərbaycanın müasir nəqliyyat-logistika infrastrukturu Afrika ölkələri ilə ticarət əlaqələrinin inkişafı üçün də yeni imkanlar açır.

Səfər çərçivəsində keçirilən görüşlərin Azərbaycan ilə Efiopiya, eləcə də Afrika İttifaqı ilə iqtisadi əməkdaşlığın genişləndirilməsinə və yeni tərəfdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə töhfə verəcəyi vurğulanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti