Ağcabədi. Trend:
İyunun 16-da Ağcabədidə Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsinə həsr olunmuş Qarabağ iqtisadi rayonu üzrə regional müşavirə keçirilib.
Trend-in Qarabağ bürosunun məlumatına görə, tədbir Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə dair müşavirədə verdiyi tapşırıqların icrası, eləcə də Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlarda koordinasiyalı və səmərəli şəkildə həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil edilib.
Müşavirədə aidiyyəti dövlət qurumlarının rəhbər və nümayəndələri, həmçinin Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonlarından fermerlər və sahibkarlar iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov çıxışında Dövlət Proqramının qarşıdakı beş il ərzində aqrar sektorun inkişaf istiqamətlərini müəyyən edən əsas strateji sənəd olduğunu bildirib. Qeyd olunub ki, proqram məhsuldarlığın, gəlirliliyin və rəqabət qabiliyyətinin artırılması, emal imkanlarının və ixrac potensialının genişləndirilməsi, torpaq və su ehtiyatlarından daha səmərəli istifadənin təmin edilməsini nəzərdə tutur.
Şahmar Mövsümov vurğulayıb ki, proqram çərçivəsində müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, toxumçuluq və damazlıq bazasının gücləndirilməsi, aqrar maliyyə və sığorta mexanizmlərinin təkmilləşdirilməsi, emal və logistika infrastrukturunun inkişafı, eləcə də balıqçılıq və akvakultura sahələrinin dəstəklənməsi istiqamətində tədbirlər həyata keçiriləcək.
Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev isə təqdimatla çıxış edərək bildirib ki, Dövlət Proqramı aqrar sahədə məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılmasını, dayanıqlı və rəqabətqabiliyyətli aqrar sektorun formalaşdırılmasını hədəfləyir. Onun sözlərinə görə, proqram 5 prioritet istiqaməti, 16 fəaliyyət istiqamətini, 86 tədbiri və 23 hədəf indikatorunu əhatə edir.
Təqdimatda buğda və pambıq istehsalında məhsuldarlığın artırılması, müasir suvarma sistemlərinin genişləndirilməsi, kənd təsərrüfatı texnikası parkının yenilənməsi, lazer hamarlama texnologiyalarının tətbiqi, taxıl siloları və soyuducu anbar infrastrukturunun inkişafı, intensiv bağçılıq, heyvandarlıq və qoyunçuluğun dəstəklənməsi, eləcə də subsidiya və güzəştli maliyyələşdirmə mexanizmləri barədə məlumat verilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov çıxışında Qarabağ iqtisadi rayonunun aqrar potensialının reallaşdırılmasında dayanıqlı su təminatının əhəmiyyətindən danışıb. Bildirilib ki, region üzrə 249 min hektardan çox suvarılan sahə üçün cari ildə 1,27 milyard kubmetrdən artıq suvarma suyunun təmin edilməsi planlaşdırılır.
Müşavirədə çıxış edən fermer və sahibkarlar Dövlət Proqramının kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinin genişləndirilməsi, investisiya imkanlarının artırılması və aqrar sektorun rəqabət qabiliyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Tədbirin sonunda Şahmar Mövsümov Dövlət Proqramının yerlərdə səmərəli icrası üçün dövlət qurumları, yerli icra hakimiyyətləri, fermerlər, sahibkarlar və investorlar arasında koordinasiyalı fəaliyyətin vacibliyini qeyd edib. O bildirib ki, müşavirədə səsləndirilən rəy və təkliflər ümumiləşdirilərək aidiyyəti qurumlara təqdim olunacaq və proqramın icrası prosesində nəzərə alınacaq.
