Özbəkistan süni intellektin bütün sahələrdə geniş tətbiqi üzərində işləyir - Şavkat Mirziyoyev

İqtisadiyyat Materials 17 İyun 2026 10:11 (UTC +04:00)
Özbəkistan süni intellektin bütün sahələrdə geniş tətbiqi üzərində işləyir - Şavkat Mirziyoyev
Rufiz Hafizoğlu
Rufiz Hafizoğlu
Bütün xəbərlər

Daşkənd. Trend:

Özbəkistan süni intellektin bütün sahələrdə geniş tətbiqi üzərində işləyir.

Trend-in xüsusi müxbirinin məlumatına görə, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev V Daşkənd Beynəlxalq İnvestisiya Forumunun (TIIF 2026) açılış mərasimində çıxışı zamanı bildirib.

“İnformasiya texnologiyaları və süni intellektin inkişafı dövrümüzün mühüm tələbidir. Düşünürəm ki, bu, ədalətli bir yanaşmadır. Xarici ekspertlər proqnozlaşdırırlar ki, yaxın 5 il ərzində Özbəkistanda bu yeni istiqamətdə ən azı 10 milyard dollar əlavə dəyər yaradılacaq. Süni intellektin bütün sahələrdə geniş tətbiqi üçün biz qabaqcıl təcrübə əsasında milli strategiya qəbul etmişik. Bu çərçivədə 5 milyon aparıcı mütəxəssis hazırlanıb”, – deyə dövlət başçısı bildirib.

Mirziyoyevin sözlərinə görə, əsas vəzifə süni intellekt vasitəsilə bütün əhali təbəqələrinin həyat keyfiyyətini yaxşılaşdırmaq, həmçinin onun təhsil, dövlət xidmətləri və biznes sahələrində geniş tətbiqini təmin etməkdir.

“Biz Qaraqalpaqstanda süni intellekt layihələri və məlumat mərkəzləri üçün xüsusi zona yaratmışıq”, – deyə o bildirib.

Daha sonra Özbəkistan Prezidenti ölkənin “yaşıl enerji"yə böyük önəm verdiyini qeyd edib.

“Yaxın illərdə biz ümumi elektrik enerjisi istehsalında "yaşıl enerji"nin payını 40%-ə çatdırmağı planlaşdırırıq. Bu, əlbəttə ki, yüksək hədəfdir, lakin biz artıq təcrübə toplamışıq və buna mütləq nail olacağıq. Günəş və külək elektrik stansiyaları ilə yanaşı, biz investorlar üçün enerji saxlama sistemlərinin inkişafı, şəbəkələrin modernləşdirilməsi və "yaşıl enerji" ilə işləyən məlumat mərkəzlərinin yaradılması layihələrini də təklif edirik”, – deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, 16 iyunda Özbəkistanın paytaxtında 5-ci yubiley TIIF 2026 işə başlayıb. Forum investorlar, dövlət qurumları və beynəlxalq maliyyə təşkilatları arasında dialoq üçün mühüm platformadır.

Yubiley forumu təkcə əvvəlki nailiyyətləri möhkəmləndirməyi deyil, həm də iştirakçıların coğrafiyasını genişləndirməyi, sahəvi ixtisaslaşmanı dərinləşdirməyi və tədbirlərin praktik yönünü gücləndirməyi hədəfləyir. TIIF bu gün beynəlxalq kapitalın etibar göstəricisi və Özbəkistanın qlobal dəyər zəncirlərinə inteqrasiyası üçün platforma hesab olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti