Belarus Özbəkistanda müalicə-reabilitasiya komplekslərinin yaradılmasına birgə investisiya yatırmağı təklif edir

İqtisadiyyat Materials 17 İyun 2026 11:46 (UTC +04:00)
Belarus Özbəkistanda müalicə-reabilitasiya komplekslərinin yaradılmasına birgə investisiya yatırmağı təklif edir
Rufiz Hafizoğlu
Rufiz Hafizoğlu
Bütün xəbərlər

Daşkənd. Trend:

Belarus Özbəkistana müalicə və reabilitasiya komplekslərinin yaradılması üzrə birgə investisiya layihələri təklif edir.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bu barədə Belarusun Baş naziri Aleksandr Turçin V Daşkənd Beynəlxalq İnvestisiya Forumunun (TIIF 2026) açılış mərasimində bildirib.

“Belarus tərəfdaşlarına ənənəvi sahələrin liderlərini təqlid etməyi deyil, birbaşa yüksək texnoloji layihələrə qoşulmağı təklif edir. Belarusun Yüksək Texnologiyalar Parkının rezidentləri süni intellekt və kompüter görməsi əsasında sənayedə artıq tətbiq olunan həllər hazırlayırlar. Bunlara məhsulun həyat dövrünün idarə edilməsi, avtonom logistika və istismar sistemləri daxildir. Özbəkistan və Belarusun maliyyə, sənaye və rəqəmsal potensiallarının birləşdirilməsi ölkələrimizin texnoloji suverenliyi üçün hazır formuladır”, – deyə o bildirib.

Turçin qeyd edib ki, iqtisadi dayanıqlıq maddi istehsal ilə müasir xidmət sektorunun vəhdəti olmadan mümkün deyil.

“İnsana, onun sağlamlığına və həyat keyfiyyətinə investisiya qoyuluşu qlobal trenddir. Həm Belarusun, həm də Özbəkistanın ortaq coğrafi xüsusiyyəti var – ölkələrimizin dənizə birbaşa çıxışı yoxdur. Lakin biz bu məhdudiyyəti strateji üstünlüyə çevirərək unikal alternativ formatların inkişafına üstünlük vermişik. Məsələn, Özbəkistan bu gün ilboyu fəaliyyət göstərən dağ-iqlim kurortlarının yaradılmasında böyük sıçrayış edir. Belarus isə müalicə-sağlamlıq və tibbi turizmin inkişafına üstünlük verir. Xarici vətəndaşlar tərəfindən bu xidmətlərə olan tələbat artıq bazarımızın imkanlarını dəfələrlə üstələyir”, – deyə Baş nazir bildirib.

Turçin vurğulayıb ki, unikal təbii resurslar və yüksək ixtisaslı mütəxəssislər sayəsində Belarus sağlamlığın bərpası və reabilitasiya üzrə kompleks və səmərəli proqramları uğurla həyata keçirir.

“Ötən il sanatoriya və sağlamlıq mərkəzlərimizi təxminən 250 min xarici vətəndaş ziyarət edib. Son 5 ildə bu göstərici üç dəfədən çox artıb. Ən çox tələb olunan istiqamətlər transplantologiya, stomatologiya, ürək-damar və neyrocərrahiyyədir. Yeni perspektivli istiqamət isə nüvə təbabətidir – radioaktiv izotoplar vasitəsilə diaqnostika və müalicə. Biz özbək tərəfdaşlara Belarus ərazisində ilboyu fəaliyyət göstərəcək premium sinif müalicə-reabilitasiya komplekslərinin yaradılması üzrə birgə investisiya layihələri təklif edirik. Bu, sadəcə lokal layihələr deyil, tibbi və turizm xidmətlərinin ixracına yönəlmiş, davamlı şəkildə kapitallaşan genişmiqyaslı fəaliyyətdir. Belarus və Özbəkistan arasında turizm sahəsində qarşılıqlı maraq hazırda artmaqda davam edir”, – deyə o bildirib.

Daha sonra Belarusun Baş naziri qeyd edib ki, Daşkənd Mərkəzi Asiyada kapital və biznes fəallığı üçün əsas cazibə mərkəzinə çevrilib.

“Belarus üçün Özbəkistan strateji, tam aydın və etibarlı tərəfdaşdır. Ölkələrimiz arasında qarşılıqlı ticarət davamlı şəkildə artır. Son 10 ildə qarşılıqlı mal dövriyyəsinin həcmi 13 dəfədən çox artıb. Ötən ilin və cari ilin birinci rübünün nəticələri bu dinamikanı təsdiqləyir. Eyni tendensiya xidmətlər sahəsində də müşahidə olunur – son on ildə artım 30 dəfədən çox olub. Özbəkistan MDB ölkələri arasında Belarusla xidmət ticarətinin həcminə görə üçüncü yeri tutur.

Belarus və Özbəkistan prezidentləri qarşıya yaxın bir neçə il ərzində qarşılıqlı ticarət dövriyyəsini 2 milyard ABŞ dollarına çatdırmaq vəzifəsi qoyublar. Bu göstəricini uzunmüddətli perspektivdə qorumaq üçün real aktivlərə qarşılıqlı investisiyalara keyfiyyətcə yeni keçid lazımdır. Hesab edirəm ki, bu istiqamətdə kifayət qədər yaxşı baza formalaşıb. Belə ki, toplanmış Belarus investisiyalarının həcminə görə Özbəkistan MDB ölkələri arasında ikinci yerdədir”, – deyə o əlavə edib.

Qeyd edək ki, iyunun 16-da Özbəkistanın paytaxtı Daşkənddə 5-ci yubiley Daşkənd Beynəlxalq İnvestisiya Forumu (TIIF 2026) fəaliyyətə başlayıb. Forum investorlar, dövlət qurumları və beynəlxalq maliyyə təşkilatları arasında dialoq üçün mühüm platformaya çevrilib.

Yubiley forumunun məqsədi yalnız əvvəlki uğurları möhkəmləndirmək deyil, həm də iştirakçıların coğrafiyasını genişləndirmək, sahələr üzrə ixtisaslaşmanı dərinləşdirmək və tədbirlərin praktiki yönümünü gücləndirməkdir. TIIF bu gün beynəlxalq kapitalın etimad göstəricisi və Özbəkistanın qlobal əlavə dəyər zəncirlərinə inteqrasiyası üçün mühüm platforma hesab olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti