İlin sonunadək daha 7 dövlət xidməti mygov platformasına inteqrasiya olunacaq - Nazir müavini

İqtisadiyyat Materials 9 İyul 2026 16:42 (UTC +04:00)
İlin sonunadək daha 7 dövlət xidməti mygov platformasına inteqrasiya olunacaq - Nazir müavini
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin sonuna qədər daha 7 dövlət xidmətinin mygov platformasına inteqrasiyası həyata keçiriləcək.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasında “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

O bildirib ki, bu, vətəndaşlara xidmətlərin vahid platformadan proaktiv şəkildə göstərilməsinə, dövlət xidmətlərinin daha da sadələşdirilməsinə və süni intellekt həllərinin geniş tətbiqinə imkan yaradacaq:

"Son illər Azərbaycanda rəqəmsal inkişaf dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Bu ilin fevralında Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirədə ölkənin strateji hədəfləri müəyyənləşdirilib, daha sonra isə 2026–2028-ci illəri əhatə edən Rəqəmsal İnkişafın Sürətləndirilməsi üzrə Fəaliyyət Planı təsdiqlənib. Onun sözlərinə görə, planın icrasına nəzarət və dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Rəqəmsal İnkişaf Şurası yaradılıb və artıq ilk iclasını keçirib".

Nazir müavini qeyd edib ki, fəaliyyət planı dövlət xidmətlərinin rəqəmsallaşdırılması, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik istiqamətlərini əhatə edən 58 təşəbbüsdən ibarətdir və onların hər biri üzrə icraya başlanılıb.

R.Həsənov bildirib ki, əsas layihələrdən biri dövlətə məxsus məlumatların vahid mərkəzləşdirilmiş məlumat həvzəsində toplanmasıdır. Onun sözlərinə görə, bu addım analitika və süni intellekt imkanlarının geniş tətbiqinə, dövlət xidmətlərinin səmərəliliyinin artırılmasına şərait yaradacaq.

O vurğulayıb ki, mygov platformasında xidmətlərin cəmləşdirilməsi yalnız vətəndaş rahatlığını artırmır, eyni zamanda proaktiv xidmətlərin göstərilməsinə imkan verir:

"Məsələn, doğum hadisəsi qeydə alınan kimi məlumat avtomatik olaraq digər dövlət qurumlarına ötürülür və doğum haqqında şəhadətnamə, eləcə də müvafiq sosial müavinət üçün müraciət avtomatik formalaşdırılır".

R.Həsənovun sözlərinə görə, mygov platformasında artıq süni intellekt əsaslı çatbot fəaliyyət göstərir və vətəndaşlar dövlət xidmətləri ilə bağlı suallarına cavab ala bilirlər:

"Növbəti mərhələdə platformaya agent əsaslı xidmətlər, həmçinin səsdən mətnə və mətndən səsə texnologiyaları əlavə olunacaq. Vətəndaş artıq yalnız mətn deyil, səs vasitəsilə də müraciət edə və süni intellektdən səsli cavab ala biləcək".

Nazir müavini əlavə edib ki, dövlət qurumlarında süni intellekt həllərinin tətbiqi istiqamətində də işlər aparılır və ilin sonuna qədər bu nəticələr ictimaiyyət tərəfindən hiss olunacaq:

"Bununla yanaşı, əlavə hesablama infrastrukturunun qurulması davam etdirilir və GPU avadanlıqlarının sifarişinə başlanılıb".

R.Həsənov bildirib ki, innovasiya ekosisteminin inkişafı üçün hazırlanmış qanunvericilik paketi artıq Milli Məclisdə birinci oxunuşdan keçib.

"Bu paket nəinki MDB məkanında, hətta dünyada ən qabaqcıl qanunvericilik paketlərindən biridir", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, qanunvericilikdə ilk dəfə kütləvi maliyyələşdirmə, vençur fondları, SAFE müqavilələri, konvertasiya olunan notlar kimi mexanizmlər öz əksini tapır ki, bu da startapların maliyyəyə çıxışını asanlaşdıracaq:

"Bundan əlavə, işçilərin pay iştirakı proqramının tətbiqi hesabına startaplar yüksək ixtisaslı mütəxəssisləri şirkətdə saxlaya biləcəklər. Eyni zamanda rəqəmsal texnologiyalar və süni intellekt sahəsi üçün 20 illik geniş güzəşt rejiminin tətbiqi nəzərdə tutulur".

Nazir müavini qeyd edib ki, fəaliyyət planının dördüncü istiqaməti kibertəhlükəsizlikdir:

"Bu çərçivədə Milli Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT) və Milli Təhlükəsizlik Əməliyyat Mərkəzinin (SOC) yaradılması istiqamətində işlərə başlanılıb".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti