Azərbaycan, Bakı, 26 noyabr / Trend /
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Şamaxıda "Azərelektronika" məişət cihazları istehsalı zavodunun açılışında iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Müəssisənin kollektivi dövlətimizin başçısını hərarətlə qarşılayıb.
Prezident İlham Əliyev düyməni basaraq müəssisəni işə salıb, istehsal prosesini izləyib.
Məlumat verilib ki, 13 hektar sahəni əhatə edən zavodun inşasına 2005-ci ildə başlanılıb, tikinti işləri 2008-ci ilin mayında başa çatdırılıb. İstehsal sahəsi 20 min kvadratmetr olan zavodda kondisioner sexi fəaliyyət göstərir. Burada ilkin mərhələdə 250 nəfər işlə təmin olunub. Zavodun istehsal gücü ildə 600 min kondisionerdir. Gələcəkdə müəssisədə soyuducu, tozsoran və digər məişət avadanlığı sexlərinin yaradılması nəzərdə tutulur. Həmin sahələr istifadəyə verildikdən sonra zavodda 1000 nəfər işlə təmin olunacaq. Burada Türkiyədən, Malayziyadan, İrandan gətirilən xammaldan, habelə yerli materiallardan istifadə olunacaq. Bundan əlavə, zavodda boya, polifon, plastik kütlə əridən sexlər, 250 tonluq 6 hidravlik pres də quraşdırılıb. Obyektin yaradılmasına 50 milyon manat investisiya qoyulub.
Prezident İlham Əliyev müəssisədə istehsal olunmuş məhsullara baxıb, konfrans zalı ilə tanış olub.