Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir Ü.İsmayılova/
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin apardığı monitorinqlər zamanı turistlərə bu növ fəaliyyət üçün lisenziya olmadan xidmət göstərən bəzi turust şirkətləri aşkarlanıb. Bu barədə şənbə günü nazirlikdən bildiriblər.
"Belə turist şirkətləri turistlərə müxtəlif ölkələrə, əsasən də Türkiyəyə yollayışlar təqdim edirlər", - nazirlikdən deyiblər.
Məlumata əsasən, bu şirkətlərin xidmətləri qanunaziddir və qeyri-peşəkardır.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi aşkar olunan faktlarla bağlı vətəndaşlara daha diqqətli olmağı, turizm şirkətlərinə müraciət etdikdə turizm fəaliyyəti ilə məşğul olmaq üzrə lisenziya hüququnu tələb etməyi, eləcə də turizm şirkətləri ilə müəyyənləşdirilmiş qaydalara uyğun şəkildə müqavilə bağlamağı məsləhət görür.
Hazırda Azərbaycanda 100-dən çox turist şirkəti fəaliyyət göstərir.