...

Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsinin beş ekipaj üzvü "Atəşgah Həyat"da sığortalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2011 14:20 (UTC +04:00)
Əfqanıstanda qəzaya uğramış Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus İL-76 4K-AZ 55 yük təyyarəsinin beş nəfər ekipaj üzvü istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə "Atəşgah Həyat" SŞ-də sığortalanıb.
Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsinin beş ekipaj üzvü "Atəşgah Həyat"da sığortalanıb

Azərbaycan, Bakı, 12 iyul /Trend/

2011-ci il iyulun 5-dən 6-na keçən gecə Əfqanıstanda qəzaya uğramış Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus İL-76 4K-AZ 55 yük təyyarəsinin beş nəfər ekipaj üzvü istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə "Atəşgah Həyat" SŞ-də sığortalanıb.

Azərbaycan Respublikasının vətəndaşları olaraq, onlar 2010-ci ilin dekabrından tətbiq olunan "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanuna uyğun olaraq sığortalanıb.

"Atəşgah Həyat" SŞ - 2008-ci ilin dekabrında Azərbaycanda təsis edilmiş ilk həyat sığortası şirkəti bu qanunla bağlı sığorta xidmətlərini 2010-ci ilin dekabrından təqdim etməyə başlayıb.

Zəruri ekspertiza və müvafiq işlərin başa çatdırılmasından sonra şirkət bağlanmış müqavilələr çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirəcək.

"Atəşgah Həyat" SŞ qəza nəticəsində həlak olanların doğmaları və yaxınlarına başsağlığı verir.

Ötən həftə Əfqanıstanda qəzaya uğramış "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsinin 9 ekipaj üzvündən 5-i Azərbaycan vətəndaşı, digərləri isə isə Özbəkistan vətəndaşları olublar. Əfqanıstanın rəsmi şəxslərindən əldə olunan məlumata görə, bütün ekipaj üzvləri həlak olub.

Bakı-Baqram marşrutu ilə hərəkət edən və saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev beynəlxalq hava limanından qəbul etdiyi 18 ton yük olub.

Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə tikilib və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib.

"Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsinin qəzaya uğrama səbəblərini araşdıran komissiya şənbə günü təyyarənin "Taliban" hərəkatı tərəfindən vurulmasının "əsas versiyalardan biri" olduğunu bəyan edib.

Xəbər lenti

Xəbər lenti