...

"Məşədi Əzizbəyov" metrostansiyasının iş vaxtı məhdudlaşdırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Sentyabr 2011 16:51 (UTC +04:00)
Oktyabr ayından etibarən yeni qranit örtüyün salınması ilə əlaqədar "Məşədi Əzizbəyov" metrostansiyasının iş vaxtı məhdudlaşdırılacaq.
"Məşədi Əzizbəyov" metrostansiyasının iş vaxtı məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir E.İsmayılov/

Oktyabr ayından etibarən yeni qranit örtüyün salınması ilə əlaqədar "Məşədi Əzizbəyov" metrostansiyasının iş vaxtı məhdudlaşdırılacaq. Bu barədə Trend-ə cümə axşamı Bakı Metropolitenindən məlumat verilib.

Metropolitendən bildirilib ki, indi stansiyada bu işlərin görülməsi üçün müvəqqəti olaraq 02:00-05:00 saatları arasındakı müddətdən istifadə olunursa, oktyabr ayından etibarən bu vaxt 22:00-05:00 saatları arasında olacaq.

"Bu, stansiyanın yenidən qurulması prosesinin tezləşdirilməsi üçün vacibdir", - mənbə deyib.

Onun sözlərinə görə, saat 22:00-dan sonra qatarlar bu stansiyadan keçərkən dayanmayacaq və sərnişinlər stansiyaya daxil ola bilməyəcəklər. Stansiyada qatarların dayanmasının məhdudiyyəti 1-1,5 ay davam edə bilər.

"Hazırda mövcud olan iş vaxtı işin həyata keçirilməsinə təsir edir", - mənbə qeyd edib.

Onun sözlərinə görə, stansiyanın tamamilə yenidən qurulması prosesi ilin sonunadək tamamlanacaq.

Bu işlər Bakı Metropoliteninin 20 illik inkişaf proqramı çərçivəsində aparılır. Həmin uzunmüddətli inkişaf sxeminə əsasən, gələcəkdə Bakı Metropoliteninin ümumi şəbəkəsi 5 xətdən - hazırkı 2 xətt və yeni 3 xətt - və uzunluğu 119 km olan metro xəttində yerləşən 76 stansiyadan ibarət olacaq. Yəni proqram 53 yeni stansiya və 84,3 km metro yolunun tikilməsini nəzərdə tutur.

Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir və hazırda 23 stansiyası var.

Xəbər lenti

Xəbər lenti