Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir N.İsmayılova/
Azərbaycanda daha geniş çeşiddə məhsul istehsal edəcək məsaməli beton istehsalı üzrə ikinci zavod tikilməsi nəzərdə tutulur. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə cümə axşamı "AAC" müasir tikinti materialları zavodunun Marketinq və satış şöbəsinin müdiri Vüqar Həmidov deyib.
"Zavodun ərazisinə 2-3 ildən sonra daha bir zavodun tikintisi üçün planlaşdırılan 15 min kvadrat metrlik sahə daxildir", - Həmidov deyib.
Onun sözlərinə görə, hələ yeni zavodda istehsal ediləcək məhsulların dəqiq siyahısı müəyyən edilməyib. Lakin müəssisənin planlarına armaturlaşdırılmış blokların istehsalı daxildir.
"AAC" müasir tikinti materialları zavodu da innovasiya texnologiyası əsasında qurulan tam müasir standartlara cavab verən bir müəssisədir. Qafqazda ilk dəfə Azərbaycanda tikilən bu zavod Almaniyanın məşhur "Werhahn" şirkətinin yüksək texnologiyalı istehsal avadanlığı ilə təchiz edilib.
Zavod Bakı-Salyan şosesi, 47-ci km ünvanında 10 hektar sahədə yerləşir. Burada 12 min m² qapalı istehsal sahəsi olan məsaməli beton istehsalı zavodu, 6 min m² qapalı istehsal sahəsi olan yandırılmış və sönmüş əhəng istehsalı zavodu, Böyük Britaniyanın "CDE" şirkətinin ən son texnoloji avadanlığı ilə təchiz edilmiş 3600 m² istehsal sahəsi olan kvars qumu yuma zavodu , 8800 m² sahəsi olan hazır məhsul və 4500 m² sahəsi olan xammal anbarları, 1200 m² sahəsi olan ofis binası, 1500 m³ su anbarı, 300 m dəmir yolu xətti, 5400 m² nəqliyyat vasitələrinin saxlanılma və texniki xidməti sahəsi və 2500 m² digər təsərrüfat obyektləri yerləşir. Zavodun sahəsinə 15 min m² -lik inkişaf ərazisi də daxildir.
Zavodun tikintisinə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu vasitəsi ilə 10 milyon manat dövlətin güzəştli krediti ayrılmışdır.
Məsaməli betonun istehsalında yerli xammaldan istifadə olunur. Bu əsasən kvars qumu və əhəng daşıdır. Qum Abşeron rayonunda UmBakı kvars qumu yatağından birbaşa zavoda gətirilir. Əhəng daşı isə Qazax rayonunda yerləşən əhəng daşı karxanasından hasil və emal olunduqdan sonra dəmir yolu vasitəsilə zavoda çatdırılır. Yüksək keyfiyyətli xammal və Almaniyanın "Werhahn" şirkətinin məsaməli beton istehsalı üzrə müasir texnoloji avadanlığın istifadəsi nəticəsində keyfiyyətli və tikinti sahəsində öz yerini layiqincə tutacaq "gobustone" brendi ilə məsaməli beton blokları istehsal edilir. Hazırda zavodun istehsal gücü gündə 600 m³-dir. Bundan əlavə, "AAC" Müasir Tikinti Materialları Zavodu gündə 100 ton yandırılmış və 120 ton sönmüş əhəng istehsal edir. Yandırılmış və sönmüş əhəng istehsalı "Wehrhahn" şirkətinin qabaqcıl texnologiyası əsasında qurulmuşdur. Almaniyanın müasir tələblərə cavab verən avadanlığı ilə təchiz edilmiş laboratoriya vasitəsilə xammalın və hazır məhsulun keyfiyyətinə tam nəzarət edilir. Bu da məhsulun müasir standartlara uyğun istehsalına və keyfiyyətinə təminat yaradır.
Yanvarın 19-na rəsmi məzənnə 0,7862 AZN/USD təşkil edir.