Azərbaycan, Bakı, 20 yanvar / Trend, müxbir E.İsmayılov/
Bakıda abonentlərin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasında problem yoxdur. Bu barədə cümə günü Trend-ə "Bakıelektrikşəbəkə"nin (Bakıda elektrik enerjisinin paylanması və satışı) mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Onun sözlərinə görə, bundan əvvəl "Bakıelektrikşəbəkə"də aparılan payız-qış mövsümünə hazırlıq çərçivəsində abonentlərin pis hava şəraitində elektrik enerjisi sarıdan problem hiss etməmələri üçün bütün zəruri işlər görülüb.
"Məhz ona görə də hazırda abonentlərimizə elektrik enerjisinin verilməsi ilə bağlı heç bir problem müşahidə olunmur", - Mustafayev deyib.
"Azərbaycan Dəmir Yolları" ASC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun cümə günü Trend-ə dediyi kimi hava şəraitinin pisləşməsi və yağıntılar Bakı Dəmiryolu Vağzalının fəaliyyətinə, qatarların yola salınmasına və qəbuluna təsir etməyib.
"Nə Bakıda, nə də ölkənin digər ərazilərində qatarların qəbulu və yola salınması ilə bağlı heç bir problem yoxdur", - Əzməmmədov qeyd edib.
Bir az əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilmişdi ki, təyyarələrin qəbulu və yola salınmasında da heç bir problem yoxdur.