...

Azərbaycanın Beynəlxalq Üzüm və Şərab Təşkilatına üzv olması istiqamətində daxili prosedurlar həyata keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2012 18:12 (UTC +04:00)
Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Beynəlxalq Üzüm və Şərab Təşkilatının baş direktoru Federiko Kastelluççi ilə görüşüb.
Azərbaycanın Beynəlxalq Üzüm və Şərab Təşkilatına üzv olması istiqamətində daxili prosedurlar həyata keçirilir

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Beynəlxalq Üzüm və Şərab Təşkilatının baş direktoru Federiko Kastelluççi ilə görüşüb. Görüşün məqsədi üzümçülük və şərabçılıq sahəsində təşkilatla əməkdaşlığın perspektivlərinin müzakirəsi olub.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, Abasov Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişaf istiqamətləri, perspektivləri barədə ətraflı məlumat verərək, üzümçülüyün yüksək templə inkişafına nail olunduğunu, emal müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirildiyini və güclü kadr potensialının yarandığını qonaqların nəzərinə çatdırıb.

Nazir bildirib ki, Azərbaycanın Beynəlxalq Üzüm və Şərab Təşkilatına üzv olması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hökumətə təklif verilmiş, məsələyə dair aidiyyəti dövlət qurumları tərəfindən ümumilikdə müsbət münasibət bildirilib. Hazırda üzv olma istiqamətində daxili prosedurlar həyata keçirilir.

Azərbaycanda istehsal olunan şərablar və digər spirtli içkilər Almaniyada təşkil olunan "Yaşıl Həftə", cari ilin may ayında Fransanın Burqundiya regionunun Yon bölgəsində təşkil olunmuş "Oserin üzüm gülləri" şərab festivalında, Rusiyada, İtaliyada və digər ölkələrdə təşkil olunan sərgilərdə nümayiş etdirilir.

Abasov Azərbaycan və Beynəlxalq Üzüm və Şərab Təşkilatı arasında əməkdaşlığın genişləndirilməsinə dair aşağıdakı təkliflərini nəzərə çatdırdı: Azərbaycanın Beynəlxalq Üzüm və Şərab Təşkilatına üzv olmasından sonra ölkədə üzümçülük və şərabçılıq sektorunun beynəlxalq tələblərə uyğun təşkil edilməsi sahəsində təşkilat ilə əməkdaşlığın genişləndirilməsi; üzümçülük və şərabçılıq sahəsində beynəlxalq standartların və təcrübənin Azərbaycanda elmi-tədqiqat sahəsində tətbiq edilməsi məqsədilə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu ilə təşkilat arasında təmasların genişləndirilməsi və birgə tədqiqat işlərinin aparılması; üzümçülük və şərabçılıq sahəsində nou-haunun və elmi yeniliklərin Azərbaycanda tədris olunmasının genişləndirilməsi məqsədilə Azərbaycan Dövlət Aqrar Universitetinin Şərabçılıq fakultəsinin müəllim heyəti və tələbələri üçün Beynəlxalq Üzüm və Şərab Təşkilatının mənzil-qərargahına səfərlərin təşkil edilməsi, təşkilat vasitəsilə digər ölkələrdə stajkeçmə imkanlarının araşdırılması, xarici ölkələrin müvafiq ali təhsil müəssisəsi arasında birbaşa əlaqələrin yaradılması.

Beynəlxalq Üzüm və Şərab Təşkilatının baş direktoru Federiko Kastelluççi Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişafına elmi-metodoloji köməkliklərin, eyni zamanda, üzüm sortlarının keyfiyyətinin artırılması istiqamətində lazımi köməkliklərin göstərilməsinin mümkünlüyünü bildirdib. O bu təşkilatın Assambleyasının növbəti iclasının Azərbaycanda keçirilməsini təklif edib və Azərbaycanın nümayəndə heyətini həmin təşkilata dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti