...

Azərbaycan və Macarıstan təhsil, elm və mədəniyyət üzrə əməkdaşlığa dair saziş imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2012 17:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Azərbaycan və Macarıstan hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın III iclası çərçivəsində iki ölkə arasında təhsil, elm və mədəniyyət üzrə əməkdaşlığa dair saziş imzalanıb.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan tərəfindən iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi komissiyaya Xarici İşlər, Sənaye və Energetika, Nəqliyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət və Turizm, Təhsil, Səhiyyə, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, Mərkəzi Bankın, "Azərsu" ASC-nin yüksək vəzifəli rəsmiləri daxil olub. Macarıstan tərəfi isə iclasda dövlət katibi, Azərbaycan və Macarıstan hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

İclasda çıxış edən Mustafayev iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib, hazırda Azərbaycan və Macarıstan arasında əməkdaşlığa dair möhkəm qanunvericilik bazası olduğunu vurğulayıb. Bu günədək ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı da daxil olmaqla, müxtəlif sahələr üzrə 30-a yaxın sənəd imzalanıb.

Peter Siyarto çıxışında ölkəsinin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini və əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.

İclasda sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, qarşılıqlı investisiya qoyuluşu, informasiya-kommunikasiya texnologiyaları, ticarət, elm və təhsil, turizm, mədəniyyət, ətraf mühitin mühafizəsi, maliyyə və bank, səhiyyə və digər sahələrə dair müzakirələr aparılıb.

Sonda Birgə Komissiyanın III iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Macarıstanın dövlət katibi Peter Siyarto imzalayıblar.

Macarıstana səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib, iki ölkə arasında əlaqələrin genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti "İkarus" avtobuslarının istehsal edildiyi "Batta" sənaye parkında, "Hunland KFT" aqrar-sənaye kompleksində, "Dermeyi" makaron məmulatları fabrikində istehsal prosesi ilə tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti