...

Azərbaycanda "Bakı Yod" ASC-nin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2012 14:15 (UTC +04:00)
Dövlət Əmlak Məsələləri Komitəsi "Bakı Yod" ASC-nin səhmlərinin 94,46 faizinin satışı üzrə investisiya müsabiqəsi elan edib.
Azərbaycanda "Bakı Yod" ASC-nin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edilib

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir C. Nəsibova/

Dövlət Əmlak Məsələləri Komitəsi "Bakı Yod" ASC-nin səhmlərinin 94,46 faizinin satışı üzrə investisiya müsabiqəsi elan edib. Trend-in məlumatına görə, bu barədə Dövlət Komitəsinin rəsmi orqanı olan "Mülkiyyət" qəzetində dərc edilən məlumatda deyilir.

Müsabiqəyə təqdim edilən səhmlər investisiya müsabiqəsinin standart paketindən (85 faiz) və əmək kollektivinə güzəştli satışdan sonra qalan səhmlərdən (9,46 faiz) ibarətdir.

Azərbaycanın hüquqi və fiziki şəxsləri, həmçinin xarici investorlar müsabiqədə iştirak edə bilərlər. İddiaçılar müəssisənin fəaliyyətinin bərpa edilməsinə dair investisiya proqramı təklifini təqdim etməlidirlər.

İddiaçılar, həmçinin investisiya təklifinin 5 faiz dəyərində bank zəmanətini və dövlət büdcəsinə 100 min manat ödəniş üzrə təklif təqdim etməlidirlər. Müsabiqənin tələblərinin və şərtlərinin yerinə yetirilməsinə dair niyyətin ciddiliyini təsdiq etmək üçün iddiaçı istənilən bankın 30 min manat dəyərində zəmanət məktubunu təqdim etməlidir.

2012-ci il oktyabrın 1-nə olan məlumata görə, "Bakı Yod" ASC-nin nizamnamə kapitalı 202 968 manat təşkil edir, bu məbləğə hər birinin nominal dəyəri 2 manat olan 101 484 səhm buraxılıb. Müsabiqənin predmeti ümumi dəyəri 191 718 manat olan 95 859 səhmdir.

Müəssisənin 206 195 manat borcu, o cümlədən əməkhaqqı üzrə 82 538 manat borcu var. Xammal, xidmətlər və işlərə görə borclar 123 657 manat təşkil edib. Müəssisənin debitor borcu 164 455 manatdır.

Müəssisə 1930-cu ildən fəaliyyət göstərir və yod istehsalı ilə məşğul olur. Müəssisədə 2 nəfər işləyir.

İddiaçılar 2012-ci il dekabrın 3-dək saat 10:00-dan 17:30-a qədər müsabiqənin tələbləri və özəlləşdirmə planı ilə tanış ola, həmçinin əlavə məlumat ala bilərlər. Ünvan: Bakı şəhəri, Y. Səfərov küçəsi, 20. Sənədlər və təkliflər 3 dekabr saat 10:00-dan 17:30-dək qəbul edilir. İddiaçıların təkliflərinin qiymətləndirilməsi 2012-ci il dekabrın 5-də saat 11:00-dan etibarən Dövlət Komitəsinin binasında müsabiqə komissiyası tərəfindən keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti