Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir A.Axundov/
Azərbaycan ilə Serbiya arasında ticari-iqtisadi əlaqələrin inkişafı üçün möhkəm müqavilə hüquq bazası var. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda keçirilən Azərbaycan-Serbiya biznes forumu zamanı iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.
"İki ölkə arasında münasibətlər uğurla inkişaf edir və son illər xüsusilə yaxşı dinamika müşahidə olunur. Bunun üçün iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri əsas yaradır. Münasibətlər siyasi, iqtisadi, mədəni, humanitar əlaqələr daxil olmaqla bütün istiqamətlərdə inkişaf edir", - Mustafayev deyib.
Onun sözlərinə görə, Serbiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində daim Azərbaycanın beynəlxalq normalara əsaslanan mövqeyini, öz növbəsində isə Azərbaycan Serbiyanın ərazi bütövlüyünü dəstəkləyir.
"Habelə qarşılıqlı investisiyalar və əmtəə dövriyyəsi artır. Azərbaycanın kredit qismində ayırdığı vəsaitlərlə Azərbaycanın "AzVirt" şirkəti tərəfindən Serbiyada avtomobil yollarının tikintisi üzrə layihə əməkdaşlığın nümunəsidir. Azərbaycanda iki Serbiya şirkəti qeydiyyata alınıb", - Mustafayev deyib.
Qeyd edək ki, sabah Bakıda Azərbaycan-Serbiya ticarət və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının 2-ci iclası keçiriləcək. Baş nazirinin müavini, xarici və daxili ticarət və telekommunikasiyalar naziri Rasim Lyayiç Serbiya tərəfinin həmsədri olacaq.