...

Kapital bazarlarının formalaşdırılması mövzusunda müsabiqənin qalibləri mükafatlandırılıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2012 15:50 (UTC +04:00)
Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşkilatçılığı və "Paşa Bank"ın dəstəyi ilə 2012-ci il üzrə kapital bazarları haqqında ictimaiyyətin məlumatlandırılmasında fəal iştirak edən jurnalistlər, habelə "Kapital bazarlarının formalaşdırılması: trendlər, çağırışlar, imkanlar" mövzusunda ən yaxşı məqalə və ya tele-radio süjeti müsabiqəsinin qalibləri üçün mükafatlandırma mərasimi keçirilib.
Kapital bazarlarının formalaşdırılması mövzusunda müsabiqənin qalibləri mükafatlandırılıb (FOTO)

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşkilatçılığı və "Paşa Bank"ın dəstəyi ilə 2012-ci il üzrə kapital bazarları haqqında ictimaiyyətin məlumatlandırılmasında fəal iştirak edən jurnalistlər, habelə "Kapital bazarlarının formalaşdırılması: trendlər, çağırışlar, imkanlar" mövzusunda ən yaxşı məqalə və ya tele-radio süjeti müsabiqəsinin qalibləri üçün mükafatlandırma mərasimi keçirilib.

Komitənin İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, tədbirdə QKDK ilə yanaşı, Bakı Fond Birjası (BFB), Milli Depozit Mərkəzi (MDM) və "Paşa Bank"ın nümayəndələri iştirak ediblər.

Mükafatlandırma mərasimini giriş sözü ilə açan QKDK-nın sədri Rüfət Aslanlı Azərbaycanın son dövrlərdə iqtisadi sahədə əldə etdiyi nailiyyətlərdən bəhs edərək, bu prosesdə kütləvi informasiya vasitələrinin rolunu xüsusi olaraq qeyd edib. Aslanlı bu istiqamətdə ictimaiyyətin davamlı olaraq məlumatlandırılması və maarifləndirilməsi, həmçinin vaxtında və keyfiyyətli məlumatlarla təmin edilməsində müasir jurnalistikanın vacibliyini vurğulayıb. QKDK sədri müsabiqənin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramında nəzərdə tutulmuş qiymətli kağızlar bazarına dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi istiqaməti üzrə həyata keçirildiyini bildirərək, gələcəkdə mətbuat nümayəndələri ilə əməkdaşlığın daha da genişləndiriləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra tədbirdə "Paşa Bank"ın İdarə heyətinin sədri Fərid Axundov "Paşa Bank" ASC-nin QKDK ilə birgə əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirərək, belə müsabiqələrin təşkil edilməsinin artıq ənənəyə çevrildiyini bildirib. Axundov layihənin sosial cavabdehlik proqramı çərçivəsində maliyyələşdirildiyini və bu sahədə peşəkar jurnalistikanın inkişafına dəstəyin davam etdiriləcəyini bildirib.

Daha sonra QKDK-nın Aparatının rəhbəri Bəxtiyar Əzizov komitə tərəfindən bu günə qədər həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Əzizov müsabiqəyə media nümayəndələri tərəfindən yüksək maraq göstərildiyini və müxtəlif aspektlərdə maraqlı məqalələrin təqdim edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirin yekununda 2012-ci il üzrə kapital bazarları haqqında ictimaiyyətin məlumatlandırılmasında fəal iştirak edən jurnalistlərə, eləcə də ən yaxşı məqalə və ya tele-radio süjeti müsabiqəsinin qaliblərinə diplomlar, pul mükafatları və müxtəlif hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Trend-in əməkdaşı İlahə Xəlilova müsabiqədə I yerə layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti