Azərbaycan, Bakı, 18 fevral /Trend/
Azərbaycan Beynəlxalq Bankında (ABB) 2007-2012-ci illərdə elektron bankçılıq əməliyyatlarının müsbət artım tendensiyası müşahidə olunur.
ABB-dən bazar ertəsi Trend-ə verilən məlumata görə, 2007-ci ildə elektron bankçılığın bütün vasitələri ilə 4,9 milyon manat məbləğində 243,8 min əməliyyat aparılmışdısa, 2012-ci ildə bu rəqəm, müvafiq olaraq, 14,1 milyon manat və 464,9 min əməliyyat təşkil edib. Ümumiyyətlə, 2007-2012-ci illərin nəticələrinə görə, elektron bankçılıq vasitəsilə 76,8 milyon manat məbləğində 2 591 min əməliyyat həyata keçirilib.
2012-ci ildə aparılmış əməliyyatların sayına görə əməliyyatların 94,5%-i mobil rabitə ödənişlərinin payına düşür (2011-ci illə müqayisədə əməliyyatların sayı 3,8% artıb). Ümumiyyətlə, 2012-ci ildə mobil rabitə haqqını ödəmək üçün müştərilər elektron bankçılıq vasitəsilə 439 min əməliyyat keçirib, ödənişlərin ümumi məbləği 2,63 milyon manat təşkil edib. 2011-сi illə müqayisədə stasionar rabitə ödənişlərinin sayı 83,4%, məbləği isə 3 dəfə artıb.
2012 -ci ildə elektron bankçılıq əməliyyatlarının ümumi məbləğinin əksər hissəsi (72%) Kart Transfer köçürmələrinin payına düşür, 18,6%-ni isə mobil rabitə haqlarının ödənişləri təşkil edir.
2012-ci ildə elektron əməliyyatların əksər hissəsi ATM və İnternetBank vasitəsilə həyata keçirilin. Əməliyyatların 90%-i ATM, pul hərəkətinin əksər hissəsi (44%) isə İnternetBank xidməti vasitəsilə aparılıb.
ABB ənənəvi olaraq elektron bankinq xidmətlərinin inkişafına xüsusi diqqət yetirir. Bank daim xidmətlərin mükəmməlləşdirilməsi və yeni xidmətlərin tətbiqi üzərində çalışır. Bu gün ABB müştəriləri bankomat, kompüter və mobil telefonlar vasitəsilə banka gəlmədən hesablarını yoxlamaq, çıxarış almaq, hesabdan köçürmələr aparmaq, kommunal xidmətlər, internet, mobil və stasionar telefon haqqını ödəmək imkanına malikdirlər. ABB-nin müştərilərinə təqdim etdiyi Cash by Code, Cash In, Cash to any Card, VISA Personal Payments, PIN Set, PIN Activation ən müasir xidmətlərdir. Bu xidmətlər əhəmiyyətli dərəcədə vaxta qənaət etməyə kömək edir və müştərilər tərəfindən məmnuniyyətlə istifadə olunur.
Azərbaycan Beynəlxalq Bankı müştərilərə daha yüksək səviyyədə xidmət göstərilməsi, yeni bank məhsullarının yaradılması məqsədilə 2013-cü ildə yüksək təhlükəsizlik səviyyəli elektron bankinq əməliyyatlarının spektrini əhəmiyyətli dərəcədə genişləndirməyi planlaşdırır.