...

"AtaTexnologiya" MMC-nin hədəfi fəaliyyətini İKT tendensiyalarına uyğun qurmaqdır (MÜSAHİBƏ)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2013 18:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /Trend/

"AtaTexnologiya" MMC-nin direktoru Mais Yusifovun Trend-ə müsahibəsi:

- "AtaTexnologiya" MMC şirkəti 2005-ci ildə "AtaHolding" ASC tərəfindən təsis olunub. Şirkətin əsas fəaliyyət istiqamətini informasiya texnologiyaları təşkil edir. "AtaTexnologiya" sırf informasiya texnologiyaları şirkətidir. Ümumiyyətlə, bu gün dünyada hər şey texnoloji məsələlərlə bağlı olduğuna görə hər şeyi texnologiya ilə əsaslandırmaq olar. İndi elə dövrdə yaşayırıq ki, bütün sahələr İKT-dən asılıdır. İnformasiya texnologiyaları bütün texnologiyaların önündə durur. Bu gün informasiya ən qiymətli nəsnələrdən sayılır. Bizim də hədəfimiz fəaliyyətimizi İKT tendensiyalarına uyğun qurmaqdır. Bildiyimiz kimi, informasiya texnologiyaları özü bir neçə sahədən ibarətdir. Proqram təminatı məhsulları və informasiya texnologiyaları avadanlıqları. Bunlar ikisi də birləşib informasiya texnologiyaları sistemlərini təşkil edirlər. Bunlar ayrı-ayrı tərəflər olsa da birini digərindən ayırmaq olmaz. Dünyada müəyyən informasiya texnologiyaları şirkətləri var ki, müəyyən məqamlara görə lider sayılır. Məsələn, bəzisi proqram təminatı, digəri isə İKT avadanlıqları üzrə liderdir. Bu baxımdan, həmin İKT şirkətlərini müxtəlif dərəcələr üzrə bölmək olar. Amma həm avadanlıqlar, həm də proqram təminatı məhsulları üzrə inkişaf edərək lider olan şirkətlər də var. Məsələn, "Oracle" şirkəti həm proqram təminatı, həm də avadanlıqlar üzrə dünyada liderdir. Bu şirkət əvvəlcə məlumat bazası sistemləri üzrə lider olsa da, sonradan o qədər böyüyüb ki, artıq özünün proqram təminatı məhsulları üzrə 3000-dən həlli var. Araşdıranda isə bütün bu məhsulların "Oracle" şirkətinin digər şirkətləri satın alıb öz tərkibinə daxil etməsi nəticəsində mümkün olduğu aydın olur.

"AtaTexnologiya" MMC-yə gəldikdə, biz həm İKT avadanlıqları, həm də proqram təminatı üzrə dünyanın lider şirkətləri ilə əməkdaşlıq edirik. Məsələn, həmin şirkətlər arasında proqram təminatı üzrə dünyada aparıcı şirkətlərdən olan "Microsoft", "Oracle" var. Avadanlıqlar üzrə HP" və "Cisco systems", eyni zamanda "Oracle" şirkəti ilə avadanlıqlar sahəsində əməkdaşlıq edirik. Bizim fəaliyyət istiqamətimizə hər hansı bir şirkətə "A-Z" məntiqində bütün informasiya texnologiyaları xidmətlərini təmin etməkdir. Yəni, şirkəti İKT üçün lazım olan xidmətlərin hamısını göstərə bilərik. Məsələn, bank və sığorta şirkətləri, hotellər və sair müsəssisə və sahələr üçün bizdə ayrıca həllər var.

- Ölkəmizin İKT bazarını necə qiymətləndirirsiniz? Bu sahədəki şirkətlərin bir-birindən fərqini necə ifadə edərdiniz?

- Öncə deyim ki, Azərbaycanda İKT bazarı inkişaf etməkdədir və burada heç bir inhisarçılıq yoxdur. Bazarda çoxlu sayda İKT şirkətləri sərbəst fəaliyyət göstərir. Həm də bu baxımdan onlar bir-birlərindən o qədər də fərqlənmirlər. Qlobal dünyada, açıq ölkədə yaşayırıq, ən yeni İKT texnologiyaları qısa zamanda şirkətlər üçün əlçatan olur və bazarda təqdim edilir. Həmçinin İKT nəhəngləri olan "Samsung" və ya "Apple" bir-birlərindən texnologiya baxımından deyil, sadəcə dizaynına görə fərqlənə bilirlər. Texnologiya hamısında eynidir.

Bizim şirkətin fəaliyyətinin unikallığına gəldikdə, biz universal fəaliyyət göstərir və bütün xidmətləri təklif edirik. Bəzi şirkətlərdən fərqli olaraq biz həm sırf proqram təminatı, həm də avadanlıqlar təklif edirik. Yaxud da elə şirkət var ki, avadanlığı satır, amma satışdan sonra dəstək xidməti göstərmir. Biz isə müştəriyə satışdan sonra keyfiyyətli xidmətə də tam zəmanət veririk.

- Azərbaycanda İKT-nin inkişafı səviyyəsini necə qiymətləndirirsiniz?

- Dövlət bu sahənin inkişafına xüsusi strateji diqqət yetirir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2013-cü ili "İKT ili" elan edib. İKT artıq Azərbaycanda ən prioritet, ən sürətlə inkişaf edən sahədir. Hazırda İKT olmadan fəaliyyət göstərən, inkişaf edən müəssisə təsəvüvr etmək çətindir. Kifayət qədər rəqabətli, gəlirli olan bu sahədə digər sahələrdən daha çox artım müşahidə olunur. İKT-yə yetərli həcmdə investisiya qoyulur, yeni şirkətlər fəaliyyətə başlayır, bu sahədə qoyulan yatırım qısa zamanda özünü doğruldur.

- İKT sahəsi ilə bağlı kadr qıtlığı duyulurmu?

- Bəli. Deməliyəm ki, İKT bazarında müəyyən kadr qıtlığı var. Yeni sahə olduğu üçün bu sahəni yaxşı biən çoxlu kadrlara ehtiyac var. Məhz bu məqsədlə Prezidentin fərmanı ilə İKT universitetinin təsis edilməsinə qərar verilməsi çox məqsədəuyğundur. Bu, çox önəmli məsələdir. Çünki hazırda İKT sahəsi ilə məşğul olanlar arasında ixtisası sırf bu sahə üzrə olan çox az adam tapmaq olar. Beş-altı ildən sonra isə ixtisası sırf İKT ilə bağlı olan mütəxəssislərimiz bazarda öz yerini tutacaq. Bir sıra inkişaf etmiş ölkələrdə sırf İKT universitetləri fəaliyyət göstərir, onların təhsil proqramları tamamilə yeni texnologiyalara əsaslanır. Bizdə də belə bir universitetin yaradılması bu sahədə yaxşı və savadlı kadrların formalaşmasını təmin edəcək. Ölkəmizdə əvvəllər də müəyyən universitetlərin kibernetika fakültələri olsa da, bunlar zamanın tələbinə uyğun İKT mütəxəssisləri hazırlamaq üçün kifayət etmirdi. Amma xüsusi olaraq İKT sahəsinə aid universitetin fəaliyyət göstərməsi nəticəsində formalaşacaq mütəxəssislər İKT sahəsinin keyfiyyətinə müsbət təsir göstərəcək və öz töhfəsini verəcəklər. Əslində gənclər arasında İKT üzrə ixtisaslara maraq yüksəkdir. Bir vaxtlar bizdə hüquqşünaslıq, həkim, iqtisadçı ixtisaslarına böyük maraq var idi. Amma hazırda İKT sahəsi gəncləri kütləvi şəkildə cəlb etməyə başlayıb. Hətta başqa ixtisaslar üzrə təhsil alanlar da müəyyən İKT kursları keçməyə üstünlük verirlər. Çünki bazarda bu ixtisasa güclü tələbatın olduğunu bilirlər. Bu gün xaricdən İKT mütəxəssisləri dəvət edilir ki, bu da bizə baha başa gəlir. Odur ki, İKT üzrə milli kadrların yetişməsi çox məqsədəuyğundur. Amma bu universitetin praktiki istiüqamətdə kadrların formalaşmasına diqqət göstərməsini istərdik. Belə ki, özəl şirkətlərdə fəaliyyət göstərən təcrübəli kadrların ora dəvət olunmalarını və tədris prosesinə qoşulmalarını məqsədəuyğun hesab edirəm. Həmçinin texnoparklarda fəaliyyətlə bağlı məsələlərin həll edilməsi də lazımdır. Hazırda bir çox xarici şirkətlər öz ofislərini Azərbaycanda açmağa böyük maraq göstərirlər. Buna səbəb Azərbaycanın Avropa ilə postsovet ölkələri arasında tranzit rolunu oynamasıdır. Həmçinin burada biznes üçün də münbit şərait var. Beləliklə, İKT-nin perspektivləri gözlənildiyindən də böyükdür. Ona görə də bizə çoxlu kadrlar lazım olacaq.

- "İKT ili" ilə bağlı nələri təklif edərdiniz?

- Kadr məsələsindən başqa, texnoparkların qısa bir müddətdə fəaliyyətə başlamasını təklif edərdim. Xaricdə texnopark ərazisində yerləşən şirkətlərə xeyli vergi güzəştləri mövcuddur. Həmçinin dövlət texnoparklara aid şirkət və layihələri maliyyələşdirir. Burada gəlir yox, bu sahəni sırf inkişaf etdirmək məqsədi güdülür. Bu, strateji məsələdir. Xüsusilə də İKT sahəsi informasiya təhlükəsizliyi baxımından hazırda çox önəmlidir. Ona görə də bizdə həllərin hazırlanması, bunun üçün təcrübələrin aparılması çox məqsədəuyğundur. Məsələn, Türkiyədə "Tubitak" adlı bir qurum var. Türkiyədə ən yeni layihə və kəşflər bu qurum çərçivəsində ərsəyə gəlir. Zənnimcə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu sahədə müəyyən işlər aparır və bu cür texnoparkların yaradılması nəzərdə tutulur. Amma bu məsələ bir qədər piar olunmalıdır. Bu, ictimai müzakirələrə səbəb olmalıdır və geniş işıqlandırılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti