Azərbaycan, Bakı, 14 may /Trend/
2011-ci ildə Koreya Respublikasının Xarici İşlər Nazirliyi ilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi arasında "Azərbaycanda Xüsusi İqtisadi Zonaların və Sənaye Şəhərciklərinin İnkişafı Layihəsi"nin həyata keçirilməsi ilə bağlı qrant razılaşması təsdiq edilmişdi. Azərbaycan tərəfindən layihənin icrası ilə bağlı səlahiyyətli qurum İqtisadi İnkişaf Nazirliyi, Koreya tərəfindən isə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyidir (KOICA). Layihə çərçivəsində koreyalı ekspertlər 13-15 may tarixində Bakıda səfərdə olublar.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 14-də nazirliyin və KOICA-nın birgə təşkilatçılığı ilə "Azərbaycanda Xüsusi İqtisadi Zonaların və Sənaye Şəhərciklərinin İnkişafı Layihəsi"nin yekunlarına həsr olunmuş tədbir keçirilib. Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri və koreyalı ekspertlər iştirak ediblər.
Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Aparatının rəhbəri Samir Vəliyev Azərbaycanda sənaye parklarının yaradılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, sənaye parklarının yaradılması və idarə olunması sahəsində beynəlxalq təcrübənin öyrənilməsinin Azərbaycan üçün əhəmiyyətini qeyd edib. "Azərbaycanda Xüsusi İqtisadi Zonaların və Sənaye Şəhərciklərinin İnkişafı Layihəsi" barədə məlumat verən Samir Vəliyev qeyd edib ki, layihə çərçivəsində Koreya tərəfinin və İqtisadi İnkişaf Nazirliyinin nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb, qarşılıqlı səfərlər təşkil edilib, bir sıra görüşlər keçirilib, layihənin yekun hesabatı hazırlanıb.
Layihənin Koreya tərəfindən rəhbəri, professor Jong On Yoon xüsusi iqtisadi zonaların və sənaye parklarının yaradılması və idarə olunması sahəsində xarici ölkələrin təcrübəsinin öyrənilməsinin əhəmiyyətini qeyd edərək, layihənin ölkələrimiz arasında əlaqələrin inkişafına da müsbət töhfə verəcəyini vurğulayıb. Bildirilib ki, qrant razılaşması çərçivəsində 2011-ci ildən etibarən həyata keçirilən bu layihə sənaye parklarına dair Koreya təcrübəsinin Azərbaycanda yaradılacaq sənaye parklarında tətbiqi baxımdan əhəmiyyətlidir.
KOICA-nın Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Kim En-Suk öz çıxışında sənaye parkları və xüsusi iqtisadi zonalara dair birgə tədqiqatların aparılmasının əhəmiyyətini qeyd edib və nazirliyin Yekun Hesabatla bağlı bütün qeydlərinin nəzərə alındığını bildirib.
Tədbirdə, həmçinin İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri, layihənin Azərbaycan tərəfindən rəhbəri Zaur Qasımov və koreyalı ekspertlər çıxış edib, sənayeləşmə siyasəti və sənaye parklarının inkişafı, sənaye parklarının yaradılma mərhələləri, inkişaf strategiyaları, insan resurslarının gücləndirilməsi və s. məsələlərlə bağlı müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparılıb.