Azərbaycan, Bakı, 28 iyun /Trend/
İyun ayının 21-də Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) tərəfindən Bakıda təşkil olunmuş biznes forumda "TBC Kredit" və QDTİB arasında rəsmi kredit müqaviləsi imzalanıb. Bankdan Trend-ə daxil olan məlumatda bildirilir ki, müqaviləyə əsasən TBC Kredit-ə Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üçün 4 mln. dollar ayrılıb.
"TBC Kredit" qətiyyətlə öz partnyor bazasını genişləndirir. Keçən il şirkət beynəlxalq maliyyə institutlarından ümumi məbləği 8.5 mln. dollar təşkil edən bir neçə kredit əldə edib ki, onların sırasında MicroVest, responsAbility Social Investments AG və Triple Jump var. Həmçinin, "TBC Kredit" uzun müddət ərzində OPIC (Overseas Private Investment Corporation, USA) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə müvəffəqiyyətlə əməkdaşlıq edir.
"TBC Kredit"in rəhbərliyi əmindir ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlıq uzunmüddətli və səmərəli olacaqdır.
TBC Kredit Bank Olmayan Kredit Təşkilatı Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. 2007-ci ilin dekabr ayından şirkətin 75%-i Gürcüstanın aparıcı bankı olan TBC Bank-a (Gürcüstan), 25%-i isə ShoreBank International Ltd (ABŞ) şirkətinə məxsusdur.