...

Kənd təsərrüfatı məhsullarının istehsalçıları aqrar bankının yaradılmasını təklif edirlər (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2013 18:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyul /Trend/

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov bu gün Qax rayonunda Qax, Şəki, Zaqatala, Balakən və Oğuz rayonlarının 52 nəfər sakini ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir görüşdən əvvəl iştirakçılarla birgə bir neçə fermer təsərrüfatına baxış keçirib. "Aqrolizinq" ASC-nin xətti ilə alınmış cins mal-qaranın saxlanma şəraiti ilə tanış olub və müvafiq məsləhətlər verib, həmçinin yeni salınmış fındıq bağlarına baxış keçirib.

Görüşdə iştirak edən vətəndaşlar söyləyiblər ki, onlar bu gün becərilən hər 1 ha üçün yanacaq və motor yağlarına görə 40 manat, buğda və çəltik əkinlərinə görə əlavə 40 manat, toxum və tinglərə görə subsidiyaların verilməsi ilə təmin olunur, həmçinin lizinq yolu ilə güzəştli şərtlərlə kənd təsərrüfatı texnikaları və mineral gübrələr alırlar.

Görüş iştirakçıları kənd təsərrüfatı məhsulları istehsalının ayrı-ayrı sahələrində qarşıya çıxan problemlərin bütün fermerlərinin ortaq problemi olduğunu qeyd edərək, bunların həlli ilə bağlı aşağıdakı təkliflərini nazirin diqqətinə çatdırıblar:

- güzəştli kreditlərin alına bilməməsi, heyvandarlıq sahəsində subsidiyanın tətbiqi, güzəştli kreditin müddətinin uzadılması və taxıl biçini zamanı kombayn çatışmazlığı;
- subsidiyaların birləşdirilərək ildə bir dəfə verilməsi və verilmə mexanizminin sadələşdirilməsi;
- süni mayalama ilə alınan buzov və balaqlara subsidiyaların verilməsi. Süni mayalama texniklərinin gördükləri işlərin nəticəsinə görə əlavə həvəsləndirmə tədbirlərinin həyata keçirilməsi;
- meyvə-tərəvəz qəbulu məntəqəsinin, meyvə qurutma və emalı sexinin yaradılması;
- soyuducu kameralarda məhsulun saxlanılmasına və satışına kömək;
- taxıl biçini zamanı vegetativ müddətə uyğun olaraq biçinə gec başlayan rayonların kombaynları hesabına taxıl biçininin təşkili (aqrolizinq xətti ilə);
- kənd təsərrüfatı işçiləri üçün Sahibkarlığa Kömək Milli Fondundan verilən kreditlərin şərtlərinin sadələşdirilməsi. Kənd təsərrüfatı məhsulları istehsalçılarını kreditləşdirən ixtisaslaşdırılmış aqrar bankının yaradılması;
- mineral gübrələrin qiymətlərinin 30-40% aşağı salınması. Mineral gübrələrin istehsalçılara "Aqrolizinq" ASC tərəfindən bilavasitə əkin sahəsində verilməsi;
- bələdiyyələrdə azyararlı torpaqları öz vəsaitləri hesabına yaxşılaşdırıb əkən istehsalçılara əlavə subsidiyaların verilməsi;
- fiziki şəxslər üçün kənd təsərrüfatı texnikalarının ilkin ödəniş olmadan uzun müddətli lizinqə verilməsi;
- quşçuluq təsərrüfatının inkişaf etdirilməsi məqsədilə güzəştli, faizsiz kreditin verilməsi;
- fındıq bağlarında ziyanvericilərə qarşı işlədilən dərmanların dövlət tərəfindən pulsuz verilməsi;
- eroziyaya uğramış qış və yay otlaq sahələrinin vergiyə cəlb edilməməsi;
- çayçılığın inkişafı üçün dövlət dəstəyi;
- yun emalı müəssisəsinin yaradılmasına dəstək;
- xurma məhsulunun dövlət səviyyəsində alışının təşkil edilməsinə kömək göstərilməsi;
- qarğıdalı istehsalının artırılması ilə əlaqədar qarğıdalı yağı istehsal sahəsinin yaradılmasına kömək göstərilməsi;
- tütünçülüyə olan marağın artırılması üçün Zaqatala rayonunda olduğu kimi alıcı təşkilatlarla müqavilələri bağlamaq yolu ilə qiymətli tütün növlərinin əkilməsinin təşkilinə kömək göstərilməsi;
- baramanın alış qiymətinin artırılmasına baxılması;
- nazirliyin Bölgə Təcrübə Stansiyasının maddi-texniki bazasının yenidən qurulması və bölgədə kənd təsərrüfatı məhsularının istehsalının mütərəqqi üsullarla artırılması.

Görüşdə kənd təsərrüfatı naziri ilə birlikdə nazirliyin idarə və təşkilatlarının, tabeli qurumların rəhbərləri iştirak ediblər. Bölgə rayonlarından olan 52 vətəndaşın müraciətlərinə baxılıb. Nazir hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun mümkün qısa müddət ərzində həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib, müraciətlərin bir hissəsi isə yerindəcə həllini tapıb.

Görüşdə iştirak edən fermer və torpaq mülkiyyətçiləri Prezident İlham Əliyevin 4 iyul 2013-cü il tarixli sərəncamına əsasən "Aqrolizinq" ASC-yə yeni taxılyığan kombaynların alınmasına ayrılan 15 milyon manat vəsaitə görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti