...

Azərbaycanlı sahibkarlar İran əyalətlərindən birinin ticarət palatasının işi ilə tanış olacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Avqust 2013 16:10 (UTC +04:00)
Ölkəmizdə səfərdə olan Ərdəbil Ticarət Palatasının sədri Hüseyn Pirmozəyinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK)görüş keçiriblər.
Azərbaycanlı sahibkarlar İran əyalətlərindən birinin ticarət palatasının işi ilə tanış olacaqlar

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir E.Əliyev/

Ölkəmizdə səfərdə olan Ərdəbil Ticarət Palatasının sədri Hüseyn Pirmozəyinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) görüş keçiriblər. Bu barədə ASK-dən Trend-ə daxil olan məlumatda bildirilir.

Azərbaycanda sahibkarlarla iş birliyi yaratmaq məqsədi ilə ölkəmizə səfər edən İran nümayəndə heyətinin əsas məqsədi iki ölkənin iş adamlarının işğüzar əlaqələrini daha da inkişaf etdirmək olub.

Görüşdə ölkə iqtisadiyyatı haqqında qonaqlara ətraflı məlumat verən ASK-nın prezidenti Məmməd Musayev bildirib ki, Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafına xüsusi önəm verir və yaxın gələcəkdə Azərbaycan iqtisadiyyatının əsasını iri sənaye müəssisələri təşkil edəcək. Son illər ölkəmizə investisiya yatıran xarici şirkətlərin sayının sürətlə artdığını deyən M.Musayev gələcəkdə İran şirkətlərinin fəaliyyətinin canlanmasını məqsədəuyğun hesab edib.

Azərbaycanla İran arasında iqtisadi əlaqələrə toxunan ASK-nın prezidenti iranlı iş adamlarını qarşılıqlı əməkdaşlığa dəvət edib. Bildirib ki, ASK ölkəmizdə fəaliyyət göstərmək istəyən iranlı iş adamlarına hər zaman lazımı köməklik göstərməyə hazırdır.

Ərdəbil Ticarət Palatasının sədri H.Pirmozəyi ASK-nın rəhbərliyini sahibkarlarla birgə Ərdəbilə işgüzar səfərə, palatanın işi ilə yaxından tanış olmağa dəvət edib. İranın Azərbaycanda ticarət mərkəzi açmaq niyyətində olduğunu, artıq bu məsələ ilə bağlı təklifin irəli sürüldüyünü deyən qonaq qeyd edib ki, xarici ölkələrin bu təcrübəsini Azərbaycanda da tətbiq etmək istəyirlər. H.Pirmozəyi iqtisadi əlaqələri bundan sonra daha da canlandırmağa cəhd edəcəklərini bəyan edib.

Görüşün sonunda İran nümayəndə heyətinin Azərbaycandakı sərmayə mühiti, idxal və ixrac prosedurları, yerli tərəfdaşların tapılması və ölkə iqtisadiyyatının cəlbedici sahələri və qonşu ölkələrlə ticarət münasibətləri kimi aktual məsələlərlə bağlı sualları ətraflı cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti