...

Azərbaycan və FAO kənd təsərrüfatı sahəsi üzrə iki layihə imzalayıblar (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2013 16:22 (UTC +04:00)
Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Mərkəzi Asiya üzrə subregional koordinatoru və Azərbaycan üzrə nümayəndəsi Mustafa Sinaserlə görüşüb.
Azərbaycan və FAO kənd təsərrüfatı sahəsi üzrə iki layihə imzalayıblar (FOTO)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Mərkəzi Asiya üzrə subregional koordinatoru və Azərbaycan üzrə nümayəndəsi Mustafa Sinaserlə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşün əsas məqsədi Azərbaycan hökuməti ilə (FAO) arasında "İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə toxumçuluq sahəsinin inkişafı" və "Çəyirtkələrlə bağlı vəziyyətin Qafqazda və Mərkəzi Asiyada milli və regional səviyyələrdə daha yaxşı idarə edilməsi istiqamətində" layihələrin imzalanması olub.

İ.Abasov ölkəmizdə aqrar sahədə əldə olunan nailiyyətlər, dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğı haqqında ətraflı məlumat verib. Bildirdi ki, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanda iqtisadiyyatın digər sahələri ilə yanaşı, aqrar sahə də dinamik inkişaf edir. Nazir bu inkişafda beynəlxalq maliyyə qurumları, o cümlədən FAO tərəfindən həyata keçirilən layihələrin də müstəsna rol oynadığını nəzərə çatdırıb: "Hazırda FAO tərəfindən 4 milli layihə və 8 regional layihə həyata keçirilir və yeni imzalanacaq iki layihə də regionda kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcək".

Bu layihələrin region üçün öz müsbət nəticəsini verəcəyini bildirən İ.Abasov Azərbaycan hökuməti ilə FAO arasında əlaqələrin yüksək səviyyədə olduğunu və bu əlaqələrin bundan sonra daha da inkişaf edəcəyini vurğulayıb.

Toxumçuluğun inkişafı ilə bağlı layihənin əsas məqsədi mövcud toxumçuluq sektorunun inkişafı üzrə milli və regional səviyyədə toxumçuluq siyasətinin hazırlanması, layihənin həyata keçiriləcəyi ölkələrdə toxum istehsalının və ticarətinin artırılması, regional əməkdaşlığın və koordinasiyanın gücləndirilməsi, toxumçuluq sahəsində qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, özəl toxumçuluq müəssisələrinin inkişat etdirilməsi, milli potensialın və bacarıqların artırılmasından ibarətdir.

"Çəyirtkələrlə bağlı vəziyyətin Qafqazda və Mərkəzi Asiyada milli və regional səviyyələrdə daha yaxşı idarə edilməsi istiqamətində" layihəsinin əsas məqsədi isə çəyirtkələrə qarşı mübarizənin gücləndirilməsi, o cümlədən müəyyən ediləcək yerli ekspertlərin magistr səviyyəsində xaricdə təhsil alması, çəyirtkələrə qarşı qabaqcıl kompleks tədbirlərin həyata keçirilməsi, bu sahədə regional əməkdaşlığın inkişaf etdirilməsi və intitusional, texniki və kadr potensialının gücləndirilməsidir.

Nazir layihənin həyata keçirilməsində regional əməkdaşlığın əhəmiyyətini xüsusilə vurğulayıb və bildirib ki, bu layihənin həyata keçirilməsinə digər region ölkələrinin, o cümlədən qonşu ölkələrin cəlb edilməsi də məqsədəuyğundur. İ.Abasov bu sahədə əsas problemin zərərvericilərə qarşı nəzarətin olmaması səbəbindən ölkəyə əsasən Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş bölgələrindən keçdiyini qeyd edib və bu baxımdan FAO tərəfindən bu istiqamətdə müvafiq tədbirlərin görülməsi üçün müraciət edib.

FAO-nun Mərkəzi Asiya üzrə subregional koordinatoru və Azərbaycan üzrə nümayəndəsi M.Sinaser Azərbaycanın müstəqillik əldə etdiyi 20 il arzində ölkənin iqtisadiyyatının uğurlu inkişafını, yoxsulluq səviyyəsinin 49 faizdən 6 faizə enməsini, kənd təsərrüfatında əldə edilmiş uğurları məhz ölkə başçısı İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasətin nəticəsi kimi qiymətləndirib. Eyni zamanda, M.Sinasor ötən il Azərbaycanda keçirilmiş FAO-nun Avropa üzrə 28-ci regional konfransına toxunaraq tədbirin yüksək səviyyədə keçirildiyini xatırladıb və bunun bir model kimi digər ölkələrdə tətbiq edilməsini məqsədəuyğun hesab edib. O bundan sonra da FAO tərəfindən Azərbaycanda yeni layihələrin həyata keçirilməsində öz səylərini əsirgəməyəcəyini bildirib.

Sonda layihələrin imzalanması mərasimi keçirilib. Layihəni Azərbaycan hökuməti tərəfindən kənd təsərrüfatı naziri İ.Abasov və FAO tərəfindən M.Sinaser imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti