Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir A.Axundov/
Sentyabrın 17-də kənd təsərrüfatı naziri İsmət Abasov Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycandakı ofisinin rəhbəri xanım Kim Eun Suku qəbul edib.
Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə İ.Abasov aqrar sahənin hər iki ölkənin iqtisadiyyatında və davamlı inkişafın təmin edilməsində vacib əhəmiyyətə malik olduğunu qeyd edib və bu sahənin inkişaf etdirilməsi istiqamətində Azərbaycanda dövlət tərəfindən həyata keçirilən tədbirlərə toxunub.
Nazir aqrar sahənin orta və uzunmüddətli inkişaf hədəflərinə nail olmaq üçün dövlət tərəfindən ayrılan müxtəlif dəstək vasitələri nəticəsində bu sahədə son illər ərzində müsbət artım dinamikasının qorunub saxlandığını diqqətə çatdırıb.
Daha sonra tərəflər arasında kənd təsərrüfatı sahəsində mümkün əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb, Azərbaycanda kənd təsərrüfatının inkişafına Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin verə biləcəyi töhfələr və potensial əməkdaşlıq sahələri araşdırılıb. Nazir Azərbaycanda "E-kənd təsərrüfatı" sisteminin işlənib hazırlanmasında Koreya təcrübəsinin maraq kəsb etdiyini bildirib və bu sahədə qarşı tərəflə əməkdaşlığa hazır olduğunu qeyd edib.
Görüş zamanı, qeyd olunanlarla yanaşı, aqrar sahədə kadr hazırlığı, KOICA tərəfindən ölkəmizdə qrant və texniki yardım layihələrinin həyata keçirilməsi imkanları müzakirə olunub.