...

Azərbaycan fermerləri kreditlərin şərtlərinin sadələşdirilməsini istəyirlər (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2013 18:02 (UTC +04:00)
Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov bu gün Ağdam, Ağcabədi, Tərtər, Beyləqan, İmişli, Füzuli, Lacın və Xocavənd rayonlarının sakinləri ilə görüşüb.
Azərbaycan fermerləri kreditlərin şərtlərinin sadələşdirilməsini istəyirlər (FOTO)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov bu gün Ağdam, Ağcabədi, Tərtər, Beyləqan, İmişli, Füzuli, Lacın və Xocavənd rayonlarının sakinləri ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdən əvvəl nazir "Qarabağ Aqrar-Sənaye kompleksi" MMC-yə məxsus 1521 baş mal-qara, "Aqrolizinq" ASC-nin xətti ilə gətirilmiş 1087 baş mal-qaranın, əsasən, Holştin Friz, Simmental, Şarolle ətlik istiqamətli və 308 baş yeni doğulmuş buzovların saxlanma şəraiti ilə tanış olub. İ.Abasov heyvanlar arasında virus xəstəliyi yayılması ilə əlaqədar ölkə rəhbərinin bilavasitə göstərişi ilə baytarlıq tədbirlərinin keçirilməsinə 2 milyon 350 min manat vəsait ayırdığını diqqətə çatdırıb.

Görüşdə fermer öz təsərrüfatındakı mal-qaranın cins tərkibi, məsuldarlığı barədə geniş məlumat verib. Fermer hazırda süd məhsullarının yerli əhaliyə və ATENA südçülük zavoduna hər gün 8 ton süd satşından əldə etdiyi vəsaitə öz təsərrüfatını daha da genişləndirmək istəyini söyləyib. Görüş iştirakçıları fermerin istehsal etdiyi süd məhsullarının keyfiyyətinə də baxış keçiriblər. Nazir yeni alınmış cins mal-qaranın daha da artırılması üçün süni mayalama və damazlıq işinin gücləndirilməsini tövsiyə edib. O, həmçinin heyvandarlığın inkişaf etdirilməsi və heyvandarlıq məsullarının artırılmasında güclü yem bazasının yaradılmasını həlledici amil kimi qiymətləndirib.

Nazir, həmçinin 2013-cü ildə tam istifadəyə verilmiş Regional Baytarlıq Laboratoriyasının işi ilə də tanış olub. İ.Abasov son vaxtlar ölkənin bir sıra rayonlarında yayılmış "Bunyavirus" xəstəliyinin təsərrüfatda heyvanlara yoluxma vəziyyəti ilə tanış olub, həmçinin baytarlıq mütəxəssislərinin xəstəliyin qarşısının alınmasında həyata keçirdiyi tədbirlərlə maraqlanıb. Bölgə baytarlıq xidmətinin yerlərdə apardığı tədbirlərin nəticəsini görmək məqsədilə nazir bir neçə fərdi təsərrüfatda artıq müalicə olunmuş mal-qaraya baxış keçirib, bölgənin baytar həkimlərinə öz məsləhət və tövsiyələrini verib.

Görüş iştirakçıları kənd təsərrüfatı məhsulları istehsalının ayrı-ayrı sahələrində qarşıya çıxan problemlərin bütün fermerlərin ortaq problemi olduğunu qeyd edərək, bunların həlli ilə bağlı aşağıdakı təkliflərini nazirin diqqətinə çatdırıblar:

- istehsal edilmiş taxıl toxumunun satışına kömək göstərilməsi;
- süni mayalanma yolu ilə alınmış hər bir balaya görə dövlət tərəfindən subsidiyaların verilməsi;
- kənd təsərüffatı məhsullarının istehsalçıları üçün Sahibkarlığa Kömək Milli Fondundan verilən kreditlərin şərtlərinin sadələşdirilməsi;
- müxtəlif kənd təsərrüfatı texnikalarının alınmasına kömək göstərilməsi;
- baytarlıq ləvazimatları ilə təchizatın yaxşılaşdırılması;
- quşçuluğun inkişafına dövlət dəstəyi;
- heyvandarlığın inkişafına kreditlərin verilməsi;
- mini inəksağan aqreqatın alınmasına kömək göstərilməsi;
- üzümçülük sahəsinin inkişafına kreditlərin verilməsi və istehsal olunmuş məhsulun satışına kömək göstərilməsi;
- cins damazlıq düyələrin alınmasına kömək göstərilməsi;
- rayonlaşdırılmış kartof toxumunun alınmasına kömək göstərilməsi;
- pambıqçılığın inkişafına dövlət dəstəyi;
- taxılyığan kombayının alınmasına kömək göstərilməsi və digər məsələlər;
- tədarük məntəqələrinin yaradılması;
- subartezian quyularının qazılmasına kömək göstərilməsi.

Görüşdə Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə nazirliyin idarə və təşkilatlarının, tabeliyində olan qurumların rəhbərləri iştirak ediblər. Bölgə rayonlarından olan 62 vətəndaşın müraciətinə baxılıb.

Nazir hər bir vətəndaşın müraciətini diqqətlə araşdırıb, müraciətlərin çox hissəsi isə müvafiq qurumlarla "Skaype" vasitəsilə canlı əlaqə yaradılaraq yerində həll olunub, qaldırılan məsələlərin qanunvericiliyə uyğun mümkün qısa müddət ərzində həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Görüşdən sonra İ.Abasov Ağcabədidə Fransa və Hollandiyadan gətirilmiş südçülük istiqamətindən olan yeni cinsin "BNS Aqro" keçi təsərrüfatında saxlanma şəraitinə baxış kecirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti