...

Bakıda XXIV Avrasiya Sement Konfransı keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2013 16:32 (UTC +04:00)
Bakıda "Norm" MMC-nin baş sponsorluğu ilə XXIV Avrasiya Sement Konfransı keçiriləcək. Tədbirdə 14 ölkəni təmsil edən 70-dən artıq nümayəndə iştirak edəcək.
Bakıda XXIV Avrasiya Sement Konfransı keçiriləcək

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Bakıda "Norm" MMC-nin baş sponsorluğu ilə XXIV Avrasiya Sement Konfransı keçiriləcək. Tədbirdə 14 ölkəni təmsil edən 70-dən artıq nümayəndə iştirak edəcək. Tədbir çərçivəsində inşaat avadanlığı və materialları istehsal edən şirkətlərin məhsullarının sərgisi də təşkil ediləcək.

Sement sənayesi üzrə dünya standartlarının Azərbaycanda tətbiq edilməsinə can atan "Norm" şirkəti beynəlxalq sement assosiasiyaları, o cümlədən Almaniyanın VDZ, Türkiyənin TÇMB, Rusiyanın "Soyuzcem", "BusinessCem", "Petrocem" forumları ilə münasibətlər qurur və bu qurumlarla sıx əməkdaşlıq edir.

"Norm" şirkətinin əsas tərəfdaşı olduğu və Rusiyanın "BusinessCem" sement forumunun təşkilatçılığı ilə keçirilən konfrans bu qəbildən olan tədbirlərdəndir. Sement sənayesi mürəkkəb və qlobal bir sahədir. Bu sahənin effektli inkişafına əngəl törədən problemlərin aşkarlanması və həlli üçün bütün əlaqəli tərəflərin birgə səyləri tələb olunur. Bu baxımdan konfrans böyük əhəmiyyət kəsb edir və mütərəqqi texnologiyaların təşviqinə imkan yaradır. Sement və tikinti materiallarının istehsalı, tətbiqi və satışı üzrə müxtəlif ölkələri təmsil edən mütəxəssislər tədbirdə açıq və konstruktiv fikir mübadiləsi aparmaq üçün əlverişli imkan əldə edəcəklər.

Konfrans 21-23 oktyabrda, Bakıdakı "JW Marriott Absheron" hotelində baş tutacaq. Tədbir Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə keçirilir.

Konfransın Bakıda keçirilməsi təsadüfi deyil. Azərbaycanda tikinti sektorunun sürətlə inkişafı sementə tələbatı artırıb və yeni istehsalat qüvvələrinin yaradılmasına təkan verib. Bu baxımdan "Norm" şirkətinin yeni sement zavodu xüsusi maraq doğurur. Bakının Qaradağ rayonunda inşa edilən "Norm Sement" zavodu Cənubi Qafqazın ən iri sement zavodu olub, istehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon sement təşkil edir.

Zavodda müasir texnologiyalar tətbiq edilib, Almaniya, Fransa, İsveçrə və Niderlandın aparıcı istehsalçılarının avadanlıqları quraşdırılıb. Hazırda zavodda tikinti-montaj işləri yekunlaşdırılıb və ilkin sementin istehsalına başlanılıb. 2013-cü ilin sonunadək zavodun tam istismara verilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti