...

Azərbaycan-Amerika Alyansı Vaşinqtonda möhtəşəm ziyafət verdi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2013 14:57 (UTC +04:00)
Oktyabrın 30-da ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan-Amerika Alyansı tərəfindən təntənəli ziyafət mərasimi təşkil olunub.
Azərbaycan-Amerika Alyansı Vaşinqtonda möhtəşəm ziyafət verdi (FOTO)

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Oktyabrın 30-da ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan-Amerika Alyansı tərəfindən təntənəli ziyafət mərasimi təşkil olunub.

Azərbaycan-Amerika Alyansın əsas məqsədi iki ölkə arasındakı sosial, iqtisadi əlaqələrin, eləcə də dostluq münasibətlərinin mühümlüyünü nəzərə çatdırmaq olan möhtəşəm tədbirdə həmçinin Azərbaycan mədəniyyəti, adət ənənələri, mətbəxi geniş auditoriyaya təqdim edilib.

500 nəfər qonağın dəvət aldığı və Vaşinqtondakı Milli Memarlıq Muzeyinin (National Building Museum) binasında baş tutan tədbiri giriş sözü ilə açan Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov qonaqları salamlayaraq, onları burada görməkdən şad olduğunu bildirib:

"Diplomatiyanın ən yaxşı yolu ölkənin mədəniyyətini tanıtmaqdır və bu tədbirdə qeyd etdiyim məqam uğurla həyata keçirilir".

Daha sonra Azərbaycan-Amerika Alyansının təsisçisi və prezidenti Anar Məmmədov tədbirdə çıxış edərək, qonaqları salamlayıb:

"Hörmətli qonaqlar, tədbirimizə xoş gəlmişsiniz. Mənim üçün böyük şərəfdir ki, siz bu gecə Azərbaycan musiqisi, rəqsləri və mətbəxi ilə tanış olmaq üçün burada toplaşmışsınız.

Bildiyim kimi, bu gecədə ABŞ senatorları, konqresmenlər, 40 ölkəni təmsil edən səfir və diplomatlar, incəsənət, mədəniyyət daximləri, həmçinin tanınmış iş adamları bizim qonaqlarımızdır.

Tədbirin təşkilatçısı Azərbaycan-Amerika Alyansıdır. Ötən il Alyans Ronald Reyqanın adını daşıyan binada "Vaşinqtonda Bakıdan olan dostlarla bir axşam" adlı tədbir təşkil etmişdi və sizlərdən bəziləriniz həmin tədbirdə iştirak edirdiniz.

Bir daha qeyd edim ki, Azərbaycan-Amerika Alyansı ABŞ-da fəaliyyət göstərən qeyri-kommersiya təşkilatı olub, bu ölkədə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, təhsili, idmanı, iqtisadiyyatını təbliğ edir.

Son üç ildə Alyansın həyata keçirdiyi mühüm tədbirlər arasında aşağıdakıları göstərmək olar:

1. ABŞ-ın tanınmış universitetlərində Azərbaycan barədə müzakirələrin təşkili
2. Amerikada və Azərbaycanda tələbələr üçün təqaüd proqramlarının təşkili
3. ABŞ-da Gül bayramının qeyd olunması
4. Azərbaycan və onun xalqı barədə ABŞ-da məlumatın yayılması və o cümlədən də, bugünkü tədbir.

Bizim paytaxtımız Bakı və Vaşinqtonu 6000 mil məsafə ayırır. Bundan başqa, aramızda yüz, hətta min illik tarix və mədəniyyət fərqi var. Və bu axşam ABŞ ilə Azərbaycan bir araya gələcək ki, Azərbaycan mədəniyyətinin gözəlliyi və müxtəlifliyi ilə tanış olsun.

Azərbaycan Amerikanın gözəl dostu və müttəfiqidir. Və biz ümid edirik ki, birgə işləyərək, Azərbaycan və Amerikanın mədəniyyət, təhsil, biznes və incəsənət sahələrində əməkdaşlığını daha gözəl qura biləcəyik".

Daha sonra tədbirdə İndiana ştatından keçmiş konqresmen, Konqresin xarici əlaqələr komitəsinin Avropa və Asiya məsələləri və baş verən təhdidlər üzrə alt komitəsinin sədri, hazırda ABŞ-da qeyri-kommersiya təşkilatı kimi fəaliyyət göstərən Azərbaycan Amerika Alyansı İdarə Heyətinin sədri Den Berton çıxış edib.

Qonaqları salamlayan D.Berton Azərbaycan-Amerika Alyansının təşkil etdiyi ikinci Gala Gecədə qonaqları salamlamağından böyük şərəf hissi keçirdiyini bildirib:

"Alyansın sədri kimi mən şərəf hissi ilə bir neçə fikri sizinlə bölüşmək istəyirəm. İlk olaraq, aşağıdakı məqamlara görə Azərbaycan-Amerika Alyansına minnətdarlığımı ifadə etmək istəyirəm.

Alyans Azərbaycan mədəniyyətini Vaşinqtonda, həmçinin Amerika universitetlərində tanıtdı, Ameriak biznesi ilə əlaqə yaratdı, 9 sentyabr 2001-ci il hadisələrində qəhrəman kimi həlak olan amerikalıları daim yad etdi və bununla da, Azərbaycanın ABŞ-ın həqiqi dostu olduğunu bir daha sərgiləmiş oldu. Və əlbəttə ki, Amerika da Azərbaycanın və onun xalqının həqiqi dostudur.

Azərbaycan-Amerika Alyansının təsisçisi cənab Anar Məmmədovu isə çoxlarınız tanıyır, onun iki ölkənin daha da yaxınlaşması üçün həyata keçirdiyi mühüm layihələrdən xəbərdarsınız.

Bu gün bu tədbirdə salamladığım qonaqlar arasında 40 ölkəni və xalqı təmsil edən səfirlər və diplomatlar, ABŞ Senatının üzvləri, Nümayəndələr Palatasının üzvləri, Ağ Ev və Dövlət Departamentinin nümayəndələri, Amerika mediasının nümayəndələri, qeyri-kommersiya təşkilatlarının təmsilçiləri, ABŞ-ın və Vaşinqtonun incəsənət adamları və biznes nümayəndələri var.

Mən özüm 30 il ərzində Konqresin üzvü olmuşam və Xarici münasibətlər komissiyasının sədri olaraq, dünyanın bir çox ölkələrini ziyarət etmişəm. Və bu ölkələrdən heç bir məni Azərbaycan qədər valeh etməmişdi. Bu axşam biz birgə olaraq, bu ölkənin gözəlliyini və mədəniyyətini seyr edəcək. Arxamda gördüyünüz Flame Tower qüllələri isə bir daha göstərir ki, Azərbaycan sözün əsl mənasında Odlar Yurdudur.

Azərbaycanın Sovet İttifaqının əsarətindən xilas olub müstəqilliyə qovuşmasından 22 il ötsə də, bir neçə dəqiqədən sonra şahid olacağımız möcüzəvi musiqi, rəqs və artistlərin ifaları Azərbaycan mədəniyyətinin və zəngin adət-ənənələrinin minillikləri təmsil etdiyini bir daha sübut edəcək".

Daha sonra səhnəyə çıxan RAST qrupu, ölkəmizi "Eurovision" müsabiqəsində təmsil etmiş Səbinə Babayeva toplaşanları öz ifaları ilə heyran qoyublar.

Tədbirin kulminasiya nöqtəsi isə Azərbaycan muğamının ustad ifaçısı xalq artisti Alim Qasımov və onun qızı, əməkdar artist Fərqanə Qasımovanın çıxışı zamanı yaşanıb. Qonaqlar möhtəşəm Azərbaycan muğamını ayaq üstə alqışlayıblar.

Möhtəşəm ziyafətin iştirakçıları Azərbaycanın milli mətbəxti ilə də tanış olub və onun dünyada ən yaxşı olduğunu xüsusilə vurğulayıblar.

Xatırladaq ki, bu tədbir sayca ikinci olub. Belə ki, ötən ilin noyabr ayında da ABŞ-da Azərbaycanın tanıdılmasına yönəlmiş möhtəşəm bir tədbir təşkil olunmuşdu.

Builki tədbirdə ABŞ-ın tanınmış senatorları olan Riçard Barr, Saksbi Çamblis, Ted Koqan, Roger Uiker, konqresmenlərdən Geyn Grin, Rendy Haltgrin, Robert Aderholt, Korrin Braun, Ualter Cons, Adam Kinzinger, Tim Rayan, Fred Upton, "The Washington Times" qəzetinin redaktoru və prezidenti Larri Bisli, "The Washington Diplomat" qəzetinin baş redaktoru Viktor Çibli, Corc Vaşinqton Universitetinin prezidenti Stiven Knapp, digər biznes və media liderləri yer alır.

Qeyd edək ki, Azərbaycan-Amerika Alyansı Anar Məmmədov tərəfindən təsis edilmiş qeyri-kommersiya təşkilatı olub ABŞ-da fəaliyyət göstərir və bu ölkədə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, təhsili, idmanı, iqtisadiyyatını təbliğ edir.

Alyans akademik müzakirələr, mədəni proqramlar və siyasi söhbətlər vasitəsilə Azərbaycanla Amerika arasında davamlı tərəfdaşlığın təşviqi ilə məşğul olan əsas təşkilata çevrilmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti