Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir Ü.Niayeş/
İran Azərbaycanla tikinti, o cümlədən yol və su anbarlarının tikintisi, qida məhsulları, ticarət və digər sahələrdə, xüsusilə də səhiyyə turizmi sahəsində əməkdaşlıq etməyə hazırdır. Bunu Bakıda Trend-ə müsahibəsində Tehran Ticarət Palatasının sədri Yəhya Əli İshaq deyib.
O, İran və Azərbaycan nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin iki ölkənin işa adamlarının bir-birini daha yaxından tanıması üçün önəmli olduğunu vurğulayıb: "İki ölkənin potensialını nəzərə alsaq, 540 milyon dollarlıq ticarət dövriyyəsi qənaətbəxş deyil".
Y.Ə.İshaq İrana tətbiq olunan sanksiyaların bu ölkənin qonşuları ilə ticarət münasibətlərində də məhdudiyyətlər yaratdığını deyib.
O, Cenevrədə İran və Qərb arasında əldə olunan razılaşmadan sonra yaranmış yeni şəraitə toxunaraq deyib: "Bu şərait qonşularımız, xüsusilə də Azərbaycanla ticarət münasibətlərində daha münasib bir gələcəyə ümid verir".
Sədr iki ölkə arasında ticarət sahəsindəki problemlərə də toxunub: "Bizim bank sistemi, həmçinin gömrük sahəsində Azərbaycanla bəzi problemlərimiz və məhdudiyyətlərimiz var ki, bunlar da həll olunmalıdır".
Y.Ə.İshaq Azərbaycana ixrac olunan mallara tətbiq edilən gömrük tariflərinin beynəlxalq tariflərlə müqayisədə çox yüksək olduğunu deyib və əlavə edib ki, bu tariflərin normallaşması hər iki ölkənin xeyrinə olardı.
O, həmçinin bildirib ki, gömrük sahəsində qanunların stabilləşdirilməsi iki ölkənin iş adamlarının fəaliyyətinə müsbət təsir edərdi: "Ticarət sahəsində əlaqələrin genişləndirilməsi hər iki ölkənin xeyrinə olacaq. Bunun üçün həm dövlətlərin, həm də özəl sektorun üzərinə böyük iş düşür".