Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir A.Axundov/
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) vəsaitinin likvidlik dərəcəsini Fondun büdcə xərcləri üzrə planlaşdırılan pul və digər köçürmələrinin tam və vaxtında yerinə yetirilməsini təmin etmək üçün bu il olduğu kimi 2014-cü ildə də 100 milyon ABŞ dollarından çox səviyyədə saxlayacaq.
Qeyd edək ki, dekabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə ARDNF-nin vəsaitinin 2014-cü ildə istifadəsinin əsas istiqamətləri (proqramı) təsdiq edilib.
Bu səviyyəni təmin etmək məqsədilə ARDNF vəsaitinin 100 milyon dollardan az olmayan hissəsini yüksək likvidliyə malik qısamüddətli pul bazarları alətlərində saxlayacaq. Bu vəsaitin göstərilən məbləğdən az olması halı 7 iş günündən çox davam etməməlidir.
Proqrama əsasən, Neft Fondu ötən il olduğu kimi investisiya portfelinin məcmu dəyərinin 60 faizə qədərini xarici menecerlərin idarəetməsinə verə bilər. Bununla belə, bir xarici menecerə idarəetməyə verilən vəsaitin maksimum həcmi investisiya portfelinin məcmu dəyərinin 5 faizindən artıq olmamalıdır.
Həmçinin, Neft Fondunun RAMP proqramı çərçivəsində Dünya Bankının xəzinədarlığına idarəetməyə verilən vəsaitlərinin həcmi 500 milyon dollardan artıq olmamalıdır.
ARDNF-nin 2014-cü il üzrə investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (ortaçəkili həcm) 27 milyard manata bərabər götürülür. Bu il üçün proqnoz 25,2 milyard manat, 2012-ci il üçün 23 milyard manat, 2011-ci il üçün isə 19,4 milyard manat səviyyəsində müəyyənləşdirilib.