Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir S.Əhmədova/
Yunanıstan və Azərbaycanın bütün mümkün sahələrdə dərin əməkdaşlıq etmək üçün siyasi iradəsi var. Bunu Trend-ə Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqas bildirib.
Səfirin sözlərinə görə, tərəflər uzun müddət bundan əvvəl bir çox məsələləri əhatə edən Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyasını yaradıb.
D.Tsounqas bildirib ki, komissiyanın növbəti iclası bu il Afinada baş tutacaq: "Hələlik iclasın tarixinin müəyyənləşdirilməsi üzərində çalışırıq. Komissiya hər iki tərəfin əməkdaşlıq etmək istədiyi bir çox sahələri əhatə edir. Misal üçün, nəqliyyat, ticarət və s.".
Səfirin sözlərinə görə, təəssüflər olsun ki, Yunanıstan və Azərbaycan arasında ticarət əlaqələri hər iki ölkənin böyük potensialı ilə müqayisədə çox aşağıdır: "Bu sahədə də iş görmək lazımdır. Səhiyyə, turizm, hər iki ölkənin iş adamları arasında əməkdaşlıq ölkələrimizin əməkdaşlıq edə biləcəyi bir çox sahələr arasındadır".
D.Tsounqas vurğulayıb ki, hökumətlərarası komissiya əməkdaşlığın dərinləşməsi və genişlənməsi istiqamətində fikir, nou-hau, məlumat və təcrübə mübadiləsi üçün ən əhəmiyyətli, ikitərəfli platformalardan biridir.
Səfir onu da qeyd edib ki, bu il ərzindəyüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi də gözlənilir.