...

Azərbaycan Beynəlxalq Bankı və London Fond Birjası Qrupu "Xəzər dəhlizi" konfransı keçirəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2014 18:26 (UTC +04:00)
London Fond Birjası Qrupu (LSEG), Azərbaycan Beynəlxalq Bankı (ABB), Britaniya-Azərbaycan Biznes Şurası (BABC) və "Asiya House" tərəfindən keçirilən ikinci "Xəzər dəhlizi" konfransı (Caspian Corridor Conference) London Fond Birjasının binasında 7 mart 2014-cü il tarixində baş tutacaq.
Azərbaycan Beynəlxalq Bankı və London Fond Birjası Qrupu "Xəzər dəhlizi" konfransı keçirəcəklər

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

London Fond Birjası Qrupu (LSEG), Azərbaycan Beynəlxalq Bankı (ABB), Britaniya-Azərbaycan Biznes Şurası (BABC) və "Asiya House" tərəfindən keçirilən ikinci "Xəzər dəhlizi" konfransı (Caspian Corridor Conference) London Fond Birjasının binasında 7 mart 2014-cü il tarixində baş tutacaq.

Azərbaycan Beynəlxalq Bankından cümə axşamı Trend-ə verilən məlumata görə, "Xəzər dəhlizi" konfransı regionun iqtisadi inkişaf perspektivləri və tendensiyalarını müzakirə etmək üçün Xəzəryanı ölkələrin hökümət nümayəndələri, biznes dairələri, elmi və kütləvi informasiya vasitələrinin nümayəndələrini birləşdirir. 2012-ci ildə Londonda keçirilmiş "Xəzər dəhlizi" konfransının böyük uğurla nəticələnmiş təqdimatından sonra konfransın ikinci dəfə keçirilməsi haqqında qərar qəbul edilmişdir.

Xəzər dəhlizi regionu, o cümlədən, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Gürcüstan, Qırğızıstan və Tacikistanı birləşdirir. Regionda iqtisadiyyatın diversifikasiyası, güclü regional iqtisadi əməkdaşlıq və iqtisadi sabitlik son bir neçə ildə yüksək iqtisadi artımı təmin etmiş və yaxın gələcəkdə davam edəcəkdir. BVF-nin proqnozlarına əsasən, region üçün ÜDM-in artım tempi 2014-cü ildə 6% təşkil edəcək. Maliyyə xidmətləri sektorunun inkişafı, regional və milli infrastruktura sərmayələr beynəlxalq ticarət və sərmayələrin inkişafı üçün imkanları artırır.

"Xəzər dəhlizi" konfransı çərçivəsində regionun artım faktorları, Böyük Britaniya və Londonla əlaqələr müzakirə ediləcək, regionda iqtisadı məsələlərin inkişaf həlləri təqdim edilcək. Konfrans Böyük Britaniyanın inkişaf etmiş iqtisadiyyat sektorlarını təmsil edən və yönəldən şəxslər tərəfindən məruzələr və yüksək səviyyəli müzakirələri nəzərdə tutur.

Konfransda, həmçinin Xəzər dəhlizi ölkələri üçün xüsusi inkişaf yolları müzakirə ediləcəkdir. Azərbaycan, son on il ərzində 1,2 milyon iş yerləri yaradaraq və iqtisadiyyatın üçqat artımını nümayiş edərək, investorları cəlb etməyə davam edir. Azərbaycan kimi, Qazaxıstan getdikcə iqtisadi nəticələrini və Qərb ölkələrinə ixracatı artırmağa davam edir. Qeyd etmək lazımdır ki, Türkmənistanın kimya sənayesi sürətlə inkişaf edən sahələrdən biridir. Dəniz infrastrukturunun genişləndirilməsi və inkişafı 2017-ci ilə təxminən 16 milyon ton yük dövriyyəsinə çıxmağı hədəf götürüb.

Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyev konfransı şərh edərək bildirmişdir: "İlk "Xəzər dəhlizi" konfransı böyük uğurla keçmiş, Xəzər regionu və Londonun biznes dairləri arasında mühüm dialoqa başlanğıc olmuşdur. İnanıram ki, 2014-cü ildə keçirəcəyimiz konfrans bu təməl üzərində qurulacaq və Birləşmiş Krallığın və Xəzər dəhlizi ölkələri, eləcə də MDB-nin maliyyə bazarları arasında daha sıx əlaqələrin gücləndirilməsini davam edəcək. Böyük Britaniya Azərbaycanın ən böyük xarici investorudur və biz çalışırıq ki, Böyük Britaniya və digər beynəlxalq sərmayəçilərlə daha güclü və geniş əlaqələr quraq".

London Fond Birjası Qrupunun baş icraçı direktoru Xavier Rolet bildirib: "Biz ikinci "Xəzər dəhlizi" konfransına dəstək olmağa şadıq. Böyük Britaniya və dinamik inkişaf edən bu region arasında işgüzar əlaqələr möhkəmlənir və biz gözləyirik ki, bu vəziyyət 2014-cü ildə və sonrakı illərdə davam edəcək. Konfrans "Xəzər dəhlizi" ölkələri və London nümayəndələri üçün real dəyərlər, işgüzar münasibətlər qurmağa imkan yaradır ".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti