...

Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun inşası yekunlaşmaq üzrədir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2014 17:00 (UTC +04:00)
Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində icra edilən ən böyük layihələrdən biri - Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun inşası yekunlaşmaq üzrədir.
Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun inşası yekunlaşmaq üzrədir  (FOTO)

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində icra edilən ən böyük layihələrdən biri - Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun inşası yekunlaşmaq üzrədir. Bu barədə Trend-ə "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsində məlumat verilib.

Təməli 8 sentyabr 2011-ci il tarixdə Prezident İlham Əliyev tərəfindən qoyulmuş qurğu Bakı şəhəri və Abşeron yarımadasının yaşayış məntəqələrinin fasiləsiz və yüksək keyfiyyətli içməli su ilə təminatına öz töhfəsini verəcək.

Layihəyə uyğun olaraq ultrasüzgəc binası, binanın daxili texnoloji xətləri, subölüşdürücü kamera, xam su anbarı tikilərək istismara tam hazır vəziyyətə gətirilib. Ceyranbatan gölündən xam su anbarına suyu ötürəcək sugötürücü qurğunun, tunel qazma üsulu ilə tikilən suqəbuledici boruların, hazır su anbarının, nasos stansiyasının, sərfölçən qurğuların tikintisi isə son mərhələdədir. Bu işlərlə paralel ultrasüzgəc binasında membran süzgəclərin quraşdırılmasına hazırlıq görülür. Yuxarıda sadalanan işlərin 3-cü rüb ərzində başa çatdırılıması, ardınca isə sınaq işlərinin aparılması nəzərdə tutulur.

Təsdiq olunmuş layihəyə əsasən qurğuda 4800 ədəd ən son texnologiyaya əsaslanan membran süzgəc quraşdırılacaq ki, onların da ümumi məhsuldarlığı saniyədə 6 kubmetr və ya sutkada 520 min kubmetr təşkil edəcək.

Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğuda aparılan işlərlə yanaşı, emal olunacaq suyun istehlakçılara çatdırlması məqsədilə magistral kəmərlərin və anbarların inşası da davam etdirlir. Hazırda Hökməli qəsəbəsi ərazisində 20 min kubmetr tutumu olan 2 anbardan ("+118 Abşeron") birinin inşası tam başa çatdırılıb, digərində isə son tamamlama işləri aparılır. Bununla paralel ultrasüzgəcli qurğudan anbarlara qədər 11,2 km uzunluğunda magistral xəttin inşası da yekunlaşıb.

Qeyd edək ki, bu layihənin tərkib hissəsi olan Ceyranbatan-Balaxanı-Ramana-Qala magistral xətti və Qala anbarının inşası 2013-cü ildə, bu anbardan Zirə qəsəbəsinə qədər olan kəmərin inşası isə bu ilin əvvəlində başa çatdırılıb. Magistral kəmər boyu Balaxanı və Zirə anbarlarınən tikintisi də son mərhələdədir.

Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğu, magistral kəmər, anbar və infrastrukturun digər obyektləri istismara buraxılandan sonra Abşeron yarımadasında 1 milyon nəfərdən artıq əhali fasiləsiz və keyfiyyətli içməli su ilə təmin ediləcək. Layihəyə əsasən qurğuda suyun təmizlənməsi prosesi tam avtomatlaşdırılmış rejimdə həyata keçiriləcək, burada emal olunan su "+ 118 Abşeron" anbarına qaldırılmaqla Abşeron yarımadasının bütün yaşayış məntəqələrinə özüaxımlı rejimdə veriləcək.

Ceyranbatan anbarından suyun qəbulu, ilkin təmizlənməsi və emal edilmiş suyun zərərsizləşdirilməsində yeni texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilir və qurğunun tikintisində Niderland Krallığı, Türkiyə istehsalı olan müasir avadanlıqdan istifadə edilir.

Qeyd edək ki, hazırda dünya təcrübəsində az bulanıqlı suların təmizlənməsi üçün iqtisadi cəhətdən səmərəli sayılan yeni ultrasüzgəcli qurğulardan istifadə olunur. Bu qurğularda suyun təbii mineral tərkibi saxlanılmaqla, daha yaxşı təmizlənməsi, xoşagəlməz iy və dadların tam aradan qaldırılması təmin edilir. Burada emal olunacaq su Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti