Azərbaycan, Bakı, 27 avqust /Trend/
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) Kapital Bazarı üzrə Təlim Mərkəzi (KBTM) ilə Bakı Dövlət Universitetinin "İqtisadi kibernetika" kafedrası arasında Anlaşma Memorandumu imzalanıb.
QKDK-nın İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, memorandumda gələcəkdə birgə əməkdaşlıq çərçivəsində kapital bazarı üzrə tədrisin təşkili, aparılması və ona dair vacib məsələlərin həyata keçirilməsi nəzərdə tutulub.
Sənəddə maliyyə və qiymətli kağızlar bazarları üzrə tədris materiallarının təkmilləşdirilməsi və informasiya texnologiyaları üzrə müəyyən bilik bazasının formalaşdırılması, habelə ayrı-ayrı istiqamətlərdə peşəkar təlimlərin təşkil olunması kimi məsələlər qeyd olunub.
KBTM ilə Bakı Dövlət Universitetinin "İqtisadi kibernetika" kafedrası arasında imzalanmış memorandum çərçivəsində gələcəkdə kapital bazarları sahəsində biliklərin tədrisi və müştərək layihələrin hazırlanması ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutulub.