...

Fazil Məmmədov: Azərbaycanda vergiödəyicilər bütün öhdəliklərini internet vasitəsilə yerinə yetirə bilirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2015 12:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycanın Vergilər Nazirliyi vergiödəyicilərə 59 növ elektron xidmət göstərir ki, bu da dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin ən geniş çeşididir. Trend xəbər verir ki, bunu vergilər naziri Fazil Məmmədov bazar ertəsi Bakıda "Azərbaycanda vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda keçirilən IV Vergi Forumunda bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda sahibkar vergi orqanına getmədən bütün öhdəliklərini internet vasitəsilə yerinə yetirə bilər: "Vergi bəyannamələrinin təqdimatı, vergi öhdəliklərinin icrası, istifadəçiləri vergi orqanı ilə bağlayan bütün proseslər elektronlaşdırılıb. Vergiödəyicilərin təxminən 90 faizi vergi bəyannamələrini elektron formada təqdim edir".

Onun sözlərinə görə, mövcud olduğu 15 il ərzində Vergilər Nazirliyində ölkənin uzunmüddətli strateji inkişafının planlaşdırılması hədəflərinə cavab verən davamlı vergi sistemi yaradılıb: "Azərbaycanın vergi sistemi əsaslı modernləşdirmə prosesindən keçib, vergi sisteminin texniki imkanların geniş diapazonuna malik texnoloji bazası yaradılıb. Bu gün Azərbaycanın vergi sistemi vergiödəyicilərə dünyanın ən qabaqcıl ölkələrində tətbiq edilən vergi xidmətləri göstərir".

Nazirin qeyd etdiyi kimi, ƏDV inzibatçılığının təkmilləşdirilməsi istiqamətində innovasiya uğurları tətbiq edilib: "ƏDV depozit hesabının, elektron hesab-fakturaların tətbiqi, real vaxt rejimində banklarla inteqrasiya, nəzarət-kassa aparatlarında məsafədən ötürmə qurğularından istifadə, vergi orqanları və vergiödəyicilər arasında elektron yazışma sisteminin təmin olunması, vergilərin elektron ödənişinin aparılması sisteminin tətbiqi onların arasındadır. Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycan vergiödəyicilərin elektron qeydiyyatı sisteminin uğurlu tətbiqinə görə dünyanın 12 lider dövləti sırasındadır".

O, əlavə edib ki, görülən tədbirlər nəticəsində dövlət büdcəsinə vergi və digər daxilolmaların həcmi son 15 il ərzində 14 dəfə, qeyri-neft sektorundan daxilolmalar 14,4 dəfə, regionlardan daxilolmalar 14,8 dəfə artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti