Azərbaycan, Bakı, 18 may /Trend, müxbir Azad Həsənli/
Azərbaycanda kənd təsərrüfatının sığortalanması layihəsinin reallaşdırılması çərçivəsində yayda Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında sazişin imzalanması gözlənilir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə ASA-nın sədri Orxan Bayramov deyib.
Onun sözlərinə əsasən, bu il iyulun 2-3-də Bakıda təşkil ediləcək VI Beynəlxalq Sığorta Forumundan sonra imzalanma mərasimi keçiriləcək: "Söhbət kənd təsərrüfatının sığortalanması sahəsində qanunvericiliyin yaradılmasından getmir, çünki birinci növbədə bu sahədə ekspertlər hazırlamaq lazımdır. Mütəxəssislərin hazırlanması artıq sentyabrdan başlaya bilər".
O.Bayramov qeyd edib ki, treninqlər beynəlxalq ekspertlər tərəfindən keçiriləcək: "Bununla belə, onların hansı ölkədən gəlməsi üstünlük veriləcək sığorta modelindən asılı olacaq. Onlar Türkiyə və regionun digər ölkələrinin mütəxəssisləri ola bilər".
ASA sədri, həmçinin bu sahəyə aktuarların cəlb edilməsinin vacibliyini vurğulayıb.