...

Azərbaycan və Rusiya dəmiryol nəqliyyatı üzrə əməkdaşlıq haqqında memorandum imzalayıblar (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2015 18:16 (UTC +04:00)
20-21 may 2015-ci ildə MDB və Baltikyanı ölkələrin Dəmiryol Nəqliyyatı Şurasının növbəti 62-ci iclası Belarusun paytaxtı Minsk şəhərində keçirilir.
Azərbaycan və Rusiya dəmiryol nəqliyyatı üzrə əməkdaşlıq haqqında memorandum imzalayıblar (FOTO)

Azərbaycan, Bakı, 20 may /Trend/

20-21 may 2015-ci ildə MDB və Baltikyanı ölkələrin Dəmiryol Nəqliyyatı Şurasının növbəti 62-ci iclası Belarusun paytaxtı Minsk şəhərində keçirilir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib: Şuranın 61-ci iclasında qəbul edilən qərarların yerinə yetirilməsi, həmçinin 2014-cü il və 2015-ci ilin birinci rübü ərzində dəmiryol şəbəkəsinin istismar işlərinin yekunları haqqında; 2014-cü il və 2015-ci ilin birinci rübü ərzində beynəlxalq sərnişindaşımanın nəticələri haqqında; 2015-2016-cı illərdə qatarların hərəkət qrafiki haqqında; 2014-cü ildə keçirilmiş konteynerlərin siyahıya alınması və 2015-cü ildə yük vaqonlarının siyahıya alınmasına hazırlıq haqqında; 2014-cü ildə və 2015-ci ilin birinci rübü ərzində dəmiryol administrasiyaları arasında qarşılıqlı hesablaşmalar haqqında; Şura Müdiriyyətinin 2015-ci ildə fəaliyyətinin təmin olunması üçün xərclər Smetası haqqında; Dəmiryol administrasiyaları Məlumat-hesablama mərkəzlərinin 2015-ci ildə fəaliyyətinin təmin edilməsi üzrə təsdiq edilmiş Smetası haqqında; Şuranın 63-cü iclasının keçirilmə tarixi, yeri və gündəliyi haqqında və s.

Eyni zamanda, tədbir çərçivəsində dəmiryol idarələrinin rəhbərləri arasında ikitərəfli görüşlər də keçirilir. Bu gün "Rusiya Dəmir Yolları" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Vladimir Yakunin və "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri C.Qurbanov birgə əməkdaşlıq haqqında memorandum imzalayıblar.

Memorandumda "Rusiya Dəmir Yolları" ASC və "Azərbaycan Dəmir Yolları" QSC arasında beynəlxalq sərnişin və yük daşınmasının təmin edilməsi sahəsində mövcud birgə əməkdaşlıq səviyyəsini nəzərə alaraq, hər iki ölkənin dəmiryol nəqliyyatında texnoloji birliyin qorunması və inkişaf etdirilməsi, dəmiryol nəqliyyatı sahəsində qarşılıqlı sıx əməkdaşlıq əsasında hər iki dövlətin iqtisadi-nəqliyyat əlaqələrinin təkmilləşdirilməsi üçün bir sıra müddəalar öz əksini tapıb.

Memoranduma əsasən Rusiya ilə Azərbaycanın geosiyasi vəziyyəti nəzərə alınaraq, əməkdaşlığın əsas məqsədi Beynəlxalq Avrasiya "Şimal-Cənub" nəqliyyat dəhlizi çərçivəsində İran-Azərbaycan-Rusiya-Avropa istiqamətində daşıma həcminin artırılması üçün hər iki dövlətin tranzit dəmiryol nəqliyyatı potensialından maksimum dərəcədə istifadə edilməsi, "Samur-Yalama" beynəlxalq sərhəd-keçid məntəqəsinin fəaliyyətinin gücləndirilməsi, sənədlərin elektron üsulla işlənməsi üçün mütərəqqi texnologiyaların tətbiq edilməsi, maliyyə öhdəliklərinin yerinə yetirilməsi, sərnişindaşıma üzrə tarif rəqabət həddinin müəyyən edilməsi, yük vaqonlarından hər iki dövlətin ərazisində səmərəli istifadə olunması və əməkdaşlıq məsələlərinin həll edilməsi məqsədilə bir ay müddətində işçi qrupunun yaradılması nəzərdə tutulur.

MDB və Baltikyanı ölkələrin Dəmiryol Nəqliyyatı Şurasının 62-ci iclası sabah öz işini davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti