Bakı. Azad Həsənli - Trend:
"Gəncəbank"ın əmanətçiləri fevralın 4-dən kompensasiya almaq üçün müraciət edə biləcəklər.
Trend-in məlumatına görə, Əmanətlərin Sığortalanması Fondu (ADIF) Azərbaycan Mərkəzi Bankı tərəfindən təqdim olunmuş 28 yanvar 2016-cı il tarixli məktuba istinad edərək bildirir ki, "Gəncəbank" ASC-nin öhdəliklərinin icrasına, o cümlədən əmanətlər üzrə öhdəliklərinin yerinə yetirilməsinə moratorium tətbiq edilib. Bununla da "Əmanətlərin sığortalanması haqqında" qanunun 2.1.9-cu maddəsinə müvafiq olaraq sığorta hadisəsinin baş verməsi və "Gəncəbank" ASC-nin əmanətçilər qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi faktı Azərbaycan Mərkəzi Bankı tərəfindən təsdiq edilir.
Əmanətlərin Sığortalanması Fondu "Gəncəbank" ASC-də sığorta hadisəsi baş verməsi barədə ictimaiyyəti məlumatlandırır və bildirir ki, 28 yanvar 2016-cı il tarixi "Gəncəbank" ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunur.
"Əmanətlərin sığortalanması haqqında" qanunun 28.1-ci maddəsinə uyğun olaraq, 7 təqvim günü ərzində "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaları ödəmək üçün seçilmiş Agent banklar və kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək.
Fond məlumat üçün bildirir ki, "Gəncəbank" ASC-də qorunan əmanəti olan əmanətçilərin əmanətlərinin 30 (otuz) min manata qədər olan hissəsinin kompensasiya ediləcəyinə təminat verir, 30 min manatdan çox olan hissə isə ləğvedici tərəfindən qanunvericiliyə uyğun olaraq ödəniləcək.