...

Azərbaycan və Rusiya yükdaşıma tarifləri üzrə razılığa gəliblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2016 15:37 (UTC +04:00)
Müzakirələrdən sonra tərəflər yükdaşıma marşrutlarında müvafiq rəqabətədavamlı tariflər üzrə razılığa gəliblər.
Azərbaycan və Rusiya yükdaşıma tarifləri üzrə razılığa gəliblər

Bakı. Trend:

Rusiya Federasiyasının Moskva şəhərində "Rusiya Dəmir Yolları" ASC və "Azərbaycan Dəmir Yolları" QSC arasında əlverişli əməkdaşlığın inkişaf etdirilməsinə həsr olunmuş yığıncaq keçirilib.

QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbir "Azərbaycan Dəmir Yolları" QSC-nin cədri Cavid Qurbanovla "Rusiya Dəmir Yolları" ASC-nin prezidenti Oleq Belozyorov arasında əvvəlcədən əldə olunmuş razılığa uyğun olaraq baş tutub.

Yığıncaqda Rusiya-Azərbaycan istiqamətində yükdaşımaların təşkili, Azərbaycanın tranzit potensialının inkişaf etdirilməsi, həmçinin maraqlı dövlətlərin cəlb edilməsi şərtilə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

"Rusiya Dəmir Yolları" ASC, "RDY Logistika" SC, "Azərbaycan Dəmir Yolları" QSC və "ADY Ekspress" MMC-nin nümayəndə heyətinin üzvləri Azərbaycan Respublikası, həmçinin Hindistan Respublikası (Cavahirləl Nehru limanı (Nava-Şeva) - İran İslam Respublikası (Bəndər-Abbas-Qəzvin-Astara) - Azərbaycan Respublikası (Astara-Yalama), Rusiya Federasiyası (Samur-Moskva); Hindistan Respublikası (Cəvahirləl Nehru limanı (Nava-Şeva) - İran İslam Respublikası (Bəndər-Abbas-Qəzvin-Astara) - Azərbaycan Respublikası (Astara-Yalama) - Rusiya Federasiyası (Samur-Sankt Peterburq); Hindistan Respublikası (Cəvahirrləl Nehru limanı (Nava-Şeva) - İran İslam Respublikası (Bəndər-Abbas-Qəzvin-Astara) - Azərbaycan Respublikası (Astara-Yalama) - Rusiya Federasiyası (Samur-Buslovskaya) - Finlandiya Respublikası (Helsinki); İran İslam Respublikası (Tehran-Astara) - Azərbaycan Respublikası (Astara-Yalama) - Rusiya Federasiyası (Samur-Moskva) marşrutları üzrə yükdaşıma, nəqliyyat-ekspeditor xidməti, yüklərin boşaldılması və saxlanılması sahəsində əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildiriblər.

Müzakirələrdən sonra tərəflər yükdaşıma marşrutlarında müvafiq rəqabətədavamlı tariflər üzrə razılığa gəliblər.

2016-cı il mart ayının sonunadək bu marşrutlar üzrə ilk qatarın yola salınması gözlənilir.

Tərəflər arasında növbəti görüşün 2016-cı ilin mart ayında Bakı şəhərində keçirilməsi üzrə razılıq əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti