...

15 layihə 160 milyon manat məbləğində investisiya təşviqi sənədi alıb (ƏLAVƏ OLUNUB) (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2016 14:19 (UTC +04:00)
Sumqayıt Kimya Sənaye Parkının artıq 8 rezidenti var...
15 layihə 160 milyon manat məbləğində investisiya təşviqi sənədi alıb (ƏLAVƏ OLUNUB) (FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:22-də yayılıb)

Bakı. Trend:

İyunun 14-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycanda investisiyaların təşviqi: yeni yanaşmalar və prioritetlər" mövzusunda keçirilmiş konfransda sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən müəssisələrin, dövlət orqanlarının və ticarət palatalarının 250-dən çox nümayəndəsi iştirak edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində həyata keçirilən sistemli tədbirlər barədə məlumat verib, dövlət başçısının sənayeləşmə siyasəti çərçivəsində görülən işləri diqqətə çatdırıb. Qeyd edilib ki, iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirləri iqtisadi inkişafın stimullaşdırılmasına xidmət edir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması, lisenziya və icazələrin sayının və rüsumların əhəmiyyətli şəkildə azaldılması, sənədlərin alınma prosedurlarının sadələşdirilməsi, investisiya təşviqinin artırılması məqsədilə vergi və gömrük güzəştləri, qeyri-neft ixrac təşviqinin ödənilməsi və əlavə dəstək mexanizmlərinin yaradılması sahibkarlığın inkişafı baxımından əhəmiyyətlidir.

Ölkə başçısının müvafiq fərmanları ilə yaradılmış Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Qaradağ Sənaye Parkı artıq fəaliyyət göstərir və bu parklarda rezidentlərin səmərəli fəaliyyəti üçün güzəştli rejim yaradılıb. Sumqayıt Kimya Sənaye Parkının artıq 8 rezidenti var və bu rezidentlər tərəfindən sənaye parkına 1,1 mlrd. dollardan çox investisiyanın yatırılması və 2200 iş yerinin yaradılması gözlənilir. Hazırda Sumqayıt Kimya Sənaye Parkının növbəti - 9-cu rezidentinin qeydiyyata alınması üçün işlər görülür. Neftçala Sənaye Məhəlləsində hazırda son tamamlama işləri aparılır və yaxın vaxtlarda sahibkarların istifadəsinə veriləcək. Sahibkarlar tərəfindən Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün 17 layihə təqdim edilib. İlkin mərhələdə ümumi investisiya məbləği 20 milyon manatdan çox olan 7 layihə icra olunacaq və 380 iş yeri açılacaq. Mingəçevir Sənaye Parkının təşkili istiqamətində tədbirlər həyata keçirilir və ilkin hesabalamalara əsasən buraya 100 mln. dollardan çox investisiyanın yatırılması və 2 min iş yerinin açılması nəzərdə tutulur. Gəncədə sənaye parkının yaradılması istiqamətində işlər aparılır. Dövlət başçısı dünən Masallı Sənaye Məhəlləsinin yaradılması barədə sərəncam imzalayıb.

Ş.Mustafayev dövlət başçısının iqtisadi islahatlar paketi çərçivəsində ötən ilin sonlarından etibarən sahibkarlığın inkişafı ilə bağlı verilən qərarların strateji xarakter daşıdığını və sahibkarlığın inkişafında yeni dövrün başlanğıcı olduğunu diqqətə çatdırıb. Aparılan iqtisadi islahatların mühüm istiqamətlərindən biri də investisiyaların təşviqi ilə bağlı həyata keçirilən tədbirlər bu sahədə yaradılmış mütərəqqi qanunvericilik bazasıdır.

İqtisadiyyat naziri bu gün keçirilən konfrans çərçivəsində investisiya təşviqi sənədinin alınması üçün nazirliyə müraciət etmiş sahibkarlara investisiya təşviqi sənədlərinin təqdim ediləcəyini, təqdim olunan 15 layihənin icrası nəticəsində yerli istehsala 160 mln. manatdan çox investisiya yatırılacağını, 1400-ə yaxın yeni iş yerlərinin yaradılacağını diqqətə çatdırıb və sənədin sahibkarlar üçün yaratdığı imkanları vurğulayıb. Qeyd edilib ki, investsiya təşviqi sənədi alan sahibkarlar üçün bir sıra güzəştlər nəzərdə tutulur.

Konfransda çıxış edən Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev son zamanlar ölkədə sahibkarlığın inkişaf etdirilməsi istiqamətində atılan addımların özəl bölmənin inkişafında əhəmiyyətli olduğunu qeyd edib, həyata keçirilən tədbirlərin sahibkarlığın, eləcə də iqtisadiyyatın müxtəlif sahələrinin, o cümlədən sənayenin inkişafına əlavə stimul verdiyini vurğulayıb.

Tədbirdə investisiya təşviqi mexanizminə dair təqdimat keçirilmiş, sənədin verilməsi prosesi və qanunvericilik bazası, sahibkarlara qazandırdığı güzəştlər barədə tədbir iştirakçılarına məlumat verilib, İqtisadiyyat Nazirliyi tərəfindən bundan sonra da investisiya təşviqi sənədinin alınması üçün müraciət edənlərə lazımi köməklik göstəriləcəyi qeyd edilib.

Konfransda "Mətanət A" şirkətinin direktoru Elxan Bəşirov, "Şəmkir Aqropark" şirkətinin direktoru Tahir Məmmədov, "Buta Qrup" şirkətinin rəhbəri Bəşir Quliyev və başqaları investisiya təşviqi sənədinin iş adamlarının fəaliyyətlərini daha da genişləndirmələri üçün əlverişli imkan yaratdığını qeyd edib, sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda iqtisadiyyat naziri Ş.Mustafayev bir qrup şirkət nümayəndəsinə investisiya təşviqi sənədlərini, eləcə də Sumqayıt Kimya Sənaye Parkının yeni rezidenti "Aqrokimya Azərbaycan" MMC-yə qeydiyyat şəhadətnaməsini təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti