...

Bakıda daha bir küçə yeni görkəmdə (FOTO/VİDEO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2016 14:30
Rüstəm Rüstəmov küçəsinin bir hissəsi təmir edildi.
Bakıda daha bir küçə yeni görkəmdə (FOTO/VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə gediş-gəlişini təmin etmək məqsədilə uzun müddətdir ki, təmir olunmayan Nizami rayonu Rüstəm Rüstəmov küçəsinin bir hissəsi yeni görkəmdə sürücülərin vətəndaşların istifadəsinə verilib.

"Azəravtoyol" ASC-dən Trend-ə verilən məlumata görə, küçənin təmir-tikinti işlərinin aparıldığı hissəsi Mikayıl Əliyev küçəsi və Qara Qarayev prospektləri arasında yerləşir. Uzunluğu bir istiqamət üzrə 1250 metr (ümumi 2500 m), hərəkət hissəsinin eni 12,5 metr (ümumi 25 m), yolayrıcının eni isə 4-5 metrdir. Küçə hər bir istiqamətə 3 olmaqla, 6 hərəkət zolağından ibarətdir.

Təmir-tikinti işləri çərçivəsində küçə boyu 5 min poqon-metr köhnə səki daşı yeniləri ilə əvəzlənib. Bundan başqa, köhnə asfalt-beton örtüyünün üst qatının qaşınaraq yenisi ilə əvəzlənməsi işləri də həyata keçirilib. Ümumilikdə küçənin 62 500 kv.m ərazisinin asfaltlanması işləri aparılıb.

Bundan başqa, yoldan səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş mövcud yağış-kanalizasiya sistemi tam işlək vəziyyətə salınıb, yağış barmaqlıqları yenilənib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, yeni baxış qapaqları qoyulub.

Hazırda analoji işlər küçənin digər hissəsində, daha dəqiqi, Qara Qarayev prospekti ilə kəsişmədən Sabunçu rayonu Ramiz Qənbərov küçəsinədək (Bakıxanov qəsəbəsinə düşən yol) olan hissəsində və köməkçi yollarında da aparılır. Sözügedən hissənin və köməkçi yolların uzunluğu bir istiqamət üzrə 700 metrdir (2 istiqamət üzrə əsas yol - 1400 m, köməkçi yol - 1400 m).

Təmir-tikinti işləri çərçivəsində burda zəruri olan yerlərdə istinad divarları, 1,5 metr enində piyada səkiləri və 1 metr enində ayrıcı zolaq inşa olunur. Sıxlığı aradan qaldırmaq üçün bəzi ərazilərdə yolun hərəkət hissəsinin genişləndirilməsi işləri də aparılır.

Ümumilikdə əsas yol və köməkçi yollar da daxil olmaqla 35 min m2 əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi, yolun hərəkət hissəsinin kənarlarına 5600 paqon-metr yeni səki daşının düzülməsi nəzərdə tutulub.

Qeyd edək ki, Rüstəm Rüstəmov küçəsi Nizami rayonu Mikayıl Əliyev küçəsi ilə kəsişmədən başlayaraq, Bəkir Çobanzadə küçəsi və Qara Qarayev prospektlərindən keçərək Sabunçu rayonu Ramiz Qəmbərov küçəsinədək (Bakıxanov qəsəbəsinə düşən yol) uzanır. Bir sözlə, Rüstəm Rüstəmov küçəsi avtonəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi ərazidə yerləşməklə mühüm əhəmiyyətə malik küçələrdən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti