...

Sahibkarlara 180-dən çox investisiya təşviqi sənədi verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Avqust 2017 11:19 (UTC +04:00)
Sahibkarlara 180-dən çox investisiya təşviqi sənədi verilib.
Sahibkarlara 180-dən çox investisiya təşviqi sənədi verilib

Bakı. Trend:

İndiyədək 169 sahibkarlıq subyektinə 182 investisiya təşviqi sənədi təqdim edilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumatal görə, investisiya təşviqi sənədi verilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 1,6 milyard manat investisiya yatırılması, 11 mindən çox yeni iş yerlərinin açılması nəzərdə tutulur.

İnvestisiya təşviqi sənədləri hesabına reallaşdırılacaq layihələrin 1-i Bakı şəhərində, 66-sı Bakıətrafı qəsəbələrdə və Abşeron rayonunda, 115-i isə digər iqtisadi rayonlarda həyata keçiriləcək. Verilmiş 182 investisiya təşviqi sənədinin 70-i kənd təsərrüfatı, 112-si isə sənaye yönümlü layihələrdir. Ən çox investisiya təşviqi sənədi intensiv bağçılıq, bostançılıq və çayçılıq, qida məhsullarının istehsalı, rezin və plastmas məmulatların istehsalı sahələrində reallaşdırılan layihələrə verilib.

Eyni zamanda, investisiya təşviqi sənədləri əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların güzəştli şərtlərlə idxalı üçün 169 sahibkarlıq subyektinə 744 təsdiqedici sənəd təqdim edilib. Təsdiqedici sənədlər əsasında sahibkarlıq subyektləri tərəfindən əldə olunan ümumi güzəştin dəyəri 30,5 milyon ABŞ dollarıdır.

Qeyd edək ki, biznes mühitinin yaxşılaşdırılması, yeni müəssisələrin yaradılmasının dəstəklənməsi, sənaye istehsalının artırılması məqsədilə Azərbaycan Prezidentinin müvafiq fərmanına uyğun olaraq investisiya təşviqi mexanizmi yaradılıb.

İnvestisiya təşviqi sənədi Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” qanunda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. Bu güzəştlərə 7 il müddətinə mənfəət və ya gəlir vergisinin 50%-dən azadolma, torpaq və əmlak vergisindən tam azadolma, layihə çərçivəsində xaricdən idxal olunan texnika, texnoloji avadanlıq və qurğunun gömrük rüsumu və ƏDV-dən tam azadolması aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti