...

Fransa Azərbaycanda kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, turizm kimi sahələrdə maraqlıdır - Ru de Beziö (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2019 16:59 (UTC +04:00)
SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransa Sahibkarlar Təşkilatı-MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziönün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Fransa Azərbaycanda kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, turizm kimi sahələrdə maraqlıdır - Ru de Beziö (FOTO)

Bakı. Trend:

İyulun 11-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransa Sahibkarlar Təşkilatı-MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziönün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend-in məlumatına görə, Rövnəq Abdullayev Fransa şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiklərini qeyd edib, ölkəmizdə həyata keçirilən regional və qlobal əhəmiyyətli enerji layihələri çərçivəsində SOCAR ilə Fransa şirkətləri arasında yaranmış uzunmüddətli və səmərəli əməkdaşlığın uğurlarından söz açıb, MEDEF-in nümayəndə heyətinin bu səfərindən sonra Fransa sahibkarları ilə əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə edib.

MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö səmimi qəbul üçün təşəkkkürünü bildirib. Məlumat verib ki, 170 min şirkətin üzv olduğu təşkilatın nümayəndə heyətində bank, tikinti, enerji, ətraf mühit, tədbirlərin təşkili, yeni texnologiya sahələri üzrə fəaliyyət göstərən şirkətlər təmsil olunurlar. MEDEF üzvü olan şirkətlərin enerji sektorunda əldə etdikləri nailiyyətlərdən danışan qonaq görüşdə iştirak edən Fransa şirkətlərinin Azərbaycanla daha çox qeyri-neft sektoru üzrə-informasiya texnologiyaları, innovasiyalar, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, turizm kimi sahələrdə əlaqələrin qurulmasında maraqlı olduqlarını nəzərə çatdırıb. Jofrua Ru de Beziö xarici şirkətlərin Azərbaycanda uğurla çalışmaları üçün ölkəmizdə əlverişli şərait yaradıldığını bildiklərini vurğulayıb

SOCAR-ın prezidenti R.Abdullayev şirkətin həyata keçirdiyi infrastruktur layihələri haqqında qonaqlara ətraflı məlumat vermiş və müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu diqqətə çatdırıb.

Daha sonra görüşdə iştirak edən fransız şirkətlərinin nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Fransanın Azərbaycandakı səfiri Orelia Buşez də görüşdə iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti