...

Azərbaycan yeni layihələrdə iştirakda maraqlıdır – prezident İlham Əliyev

Energetika Materials 3 Fevral 2009 11:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 fevral / Trend / On ildən artıqdır ki, Azərbaycan çox mühüm enerji layihələrini həyata keçirir və hazırda Xəzər neftini dünya bazarına çıxaran boru kəməri xətti beynəlxalq enerji təhlükəsizliyində getdikcə daha əhəmiyyətli rol oynamaqdadır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev CNBS telekanalına müsahibəsində bildirib. Müsahibənin mətni "AzərTAc" Dövlət Agentliyinin saytında yerləşdirilib.

"Bizim nəhəng enerji ehtiyatlarımız var. Qaz ehtiyatlarımız bizə ən azı yüz il kifayət edəcək. Artıq müasir nəqliyyat infrastrukturumuz var, təchizat marşrutlarımızı şaxələndirmişik. Şaxələndirmə təkcə istehlakçılar üçün yox, eyni zamanda, təchizatçılar üçün də əhəmiyyətlidir", - deyə İlham Əliyev bildirib.

İndiki böhranda istehlakçıların problemi diqqət mərkəzindədir, lakin təchizatçı ölkə kimi Azərbaycana da etibarlı və təhlükəsiz nəql marşrutları gərəkdir. "Müxtəlif istiqamətlərdə boru kəmərləri inşa etməklə biz bu məqsədə nail oluruq", - deyə Azərbaycan prezidenti əlavə edib.

Prezidentin sözlərinə görə, bu gün söhbət Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin etmək üçün lazım olan əlavə həcmlərdən gedir. "Bunun üçün Azərbaycanın imkanları var və Türkiyə-Yunanıstan-İtaliya, "Nabukko", "Transadriatik" boru kəmərləri kimi layihələrin müzakirələrində iştirak edirik", - dövlət başçısı deyib.

"Ölkəmizdə bu vaxta kimi həyata keçirilmiş işlər göstərir ki, Azərbaycan etibarlı tərəfdaşdır. Həyata keçirdiyimiz layihələrin heç biri böhran zamanı sual altına alınmadı", - deyə İlham Əliyev bildirib.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan yeni layihələrdə iştirak etməkdə maraqldır. Mövcud kəmərlərin nəqletmə qabiliyyəti enerji ehtiyatlarının ixrac potensialına tam cavab vermir.

"Biz bu gün hasil etdiyimiz qazdan, ola bilsin ki, iki dəfə artıq hasil edək. Builki qaz hasilatı 20 milyard kubmetrdən artıq olacaq. İxracımız hələlik regional bazarla məhdudlaşır. Beləliklə, "Nabukko" və ya bu kimi layihələr şaxələndirmə və uzunmüddətli etibarlı təchizat mexanizmlərinə malik olmaq üçün imkan yaradır", - deyə Azərbaycan prezidenti bildirib.

"Lakin eyni zamanda, "Nabukko" ilə bağlı böyük əhəmiyyət daşıyan məsələlər, ilk növbədə, maliyyələşmə məsələsi aydınlaşdırılmalıdır. İkinci mühüm məsələ isə ondan ibarətdir ki, Avropa bu və ya digər dərəcədə vahid enerji siyasətinə malik olmalıdır", - deyə dövlət başçısı vurğulayıb.

"Nabukko" bütün Avropa İttifaqını deyil, Mərkəzi Avropanın bir neçə ölkəsini birləşdirir.

"Digər mühüm məsələ bütövlükdə Avropa İttifaqının "Nabukkon"un həyata keçirilməsində nə dərəcədə önəmli rol oynamasından ibarətdir. Ümidverici məqamlar var, lakin bu işdə hər hansı irəliləyişin olması vacibdir. Bundan başqa, Azərbaycan üçün şəxsi qazının tranziti ilə bağlı məsələlərin aydınlaşdırılması vacibdir. Avropa İttifaqı bazarına birbaşa çıxış əldə etmək üçün tranzit ölkələrlə tranzit müqavilələrimiz olmalıdır", - deyə İlham Əliyev əlavə edib.

"Bütün bu mühüm məsələlər bir-biri ilə əlaqəlidir və biz bunların həyata keçirilmə sürətinə uyğun şəkildə hasilatın planlaşdırılmasını aparacağıq. Biz, bazar olmadan qaz hasil edə bilmərik. Bazar və müqavilələr olmalıdır ki, hasilat olsun. Azərbaycanda təsdiq olunmuş qaz ehtiyatları minimum 2 trilyon kubmetr təşkil edir", - deyə dövlət başçısı bildirib.

Rusiya ilə qarşılıqlı enerji münasibətləri məsələsinə toxunan Azərbaycan prezidenti enerji məsələsində Rusiya ilə heç bir ziddiyyətin olmadığını bildirib.

Xəbər lenti

Xəbər lenti