...

İran şirkəti Azərbaycanda yeni yarımstansiyanı sınaqdan keçirir

Energetika Materials 11 Aprel 2009 13:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel / Trend , müxbir E.İsmayılov /

"Sunir İran şirkəti Azərbaycan və İran arasında enerji mübadiləsinin artırılması layihəsi çərçivəsində, Bakıdan 120 kilometr cənubda yerləşən Salyan rayonundakı eyniadlı 220 kilovoltluq yarımstansiyanı sınaqdan keçirir", - "Azərenerji" SC-nin vitse-prezidenti Marlen Əsgərov deyib.

"Yeni yarımstansiyanın tikintisi üzrə bütün işlər başa çatıb, hazırda onun sınaqdan keçirilməsi işləri aparılır", - Əsgərov deyib.

Bir müddət əvvəl "Azərenerji"nin başçısı Etibar Pirverdiyevin dediyi kimi, 2009-cu ilin ortalarına qədər SC İranla enerji mübadiləsinin artırılması layihəsi çərçivəsində hazırkı 200 meqavatt gücü 700 meqavata çatdırmaq üzrə işləri başa çatdırmağı planlaşdırır.

Layihə üzrə 350 kilometrdən çox yüksək gərginlikli ötürücü xəttin tikintisi və eyni zamanda bir neçə yarımstansiyanın yenidən qurulması nəzərdə tutulub ki, onlardan biri də "Salyan" yarımstansiyasıdır.

Bu layihənin realizəsi Azərbaycana Naxçıvan Muxtar Respublikasına 150 Mvt-a qədər və ümumilikdə Azərbaycan enerji sisteminə qış dövründə 400 Mvt enerji tədarük etmək imkanı verəcək.

Proqram Sunir İran şirkəti ilə birgə həyata keçirilir və özündə 330-kilovoltluq Əli-Bayramlı İES - İmişli EÖX, İmişli-Parsabad ikinci xətti, 220-kilovoltluq Əli-Bayramlı İES - Salyan, Salyan-Masallı, Masallı-Astara elektrik xətləri, eləcə də "Salyan" yarımstansiyasının tikintisi və daha dörd yarımstansiyanın genişləndirilməsini ehtiva edir. EÖX-lərin ümumi uzunluğu 350 kilometr təşkil edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti